8 yanvar 2026-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji tarixində yeni və mühüm mərhələ kimi qiymətləndirilir. 240 meqavat gücündə olan bu stansiyanın fəaliyyətə başlaması ölkənin enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində atılan ardıcıl və məqsədyönlü addımların real nəticəsidir. Dövlət başçısının çıxışında vurğulandığı kimi, bu layihə təkcə enerji istehsalı baxımından deyil, həm də iqtisadi inkişaf, ekoloji dayanıqlılıq və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev qeyd etdi ki, 2022-ci ilin yanvar ayında təməli qoyulan stansiya qısa müddətdə uğurla inşa edilərək istismara verilib. Bu, Azərbaycanda iri həcmli energetika layihələrinin planlı və səmərəli şəkildə icra olunmasının növbəti sübutudur. Layihənin investorunun “ACWA Power” şirkəti olması isə beynəlxalq enerji şirkətlərinin Azərbaycana olan inamının göstəricisidir. Dövlət başçısı bildirdi ki, bu stansiya “ACWA Power”in ölkəmizdə reallaşdırdığı ilk bərpaolunan enerji layihəsidir, lakin şirkətin gələcək planları daha genişdir və Azərbaycan dövləti bu təşəbbüsləri tam şəkildə dəstəkləyir. Bununla yanaşı, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyətli layihənin də eyni investor tərəfindən həyata keçiriləcəyi xüsusi qeyd olundu.
Çıxışda layihənin icrasında iştirak edən “Power China” şirkətinin rolu da vurğulandı. Prezident İlham Əliyev bu şirkətin yalnız podratçı kimi deyil, gələcəkdə investor qismində də Azərbaycanda fəaliyyət göstərəcəyinə əminliyini ifadə etdi. Eyni zamanda, Azərbaycan energetiklərinin peşəkarlığı və fədakar əməyi xüsusi qiymətləndirildi. Son illərdə həm ənənəvi, həm də bərpaolunan enerji generasiya güclərinin istismara verilməsi mürəkkəb və məsuliyyətli prosesdir və bu sahədə əldə olunan uğurlar yerli mütəxəssislərin yüksək hazırlıq səviyyəsini nümayiş etdirir.
Prezident İlham Əliyev Azərbaycanın enerji sisteminin son 20 il ərzində köklü şəkildə yeniləndiyini diqqətə çatdırdı. Bu dövrdə generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər tamamilə müasirləşdirilib, ölkənin ümumi generasiya gücü təxminən 10 min meqavata çatdırılıb ki, bu da tarixi rekorddur. Gələcək illərdə bərpaolunan enerji layihələrinin genişlənməsi ilə bu göstəricinin daha da artacağı və Azərbaycanın həm daxili tələbatı tam ödəyəcəyi, həm də elektrik enerjisi ixracını artıracağı bildirildi. Dövlət başçısı Mingəçevirdə istismara verilmiş 2000 meqavatlıq ənənəvi elektrik stansiyasını və son dövrdə açılan Günəş və külək stansiyalarını paralel inkişaf strategiyasının uğurlu nümunələri kimi göstərdi.
Çıxışda Azərbaycanın müxtəlif bölgələrində bərpaolunan enerji potensialının reallaşdırıldığı, Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə yeni layihələrin planlaşdırıldığı qeyd olundu. Prezident İlham Əliyev Azərbaycanın coğrafi üstünlüklərinə toxunaraq, xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının beynəlxalq qiymətləndirmələrə görə 157 giqavat səviyyəsində olduğunu bildirdi. Bu amil ölkəmizin gələcəkdə regionun əsas enerji mərkəzlərindən birinə çevriləcəyini göstərir. Dövlət başçısı xarici investorları, o cümlədən böyük enerji tutumlu sahələrdə, süni intellekt və data mərkəzləri kimi müasir texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycana sərmayə yatırmağa çağırdı.
Prezident İlham Əliyev Azərbaycanın investisiya mühitinin üstünlüklərinə də diqqət çəkdi. İndiyə qədər ölkəyə 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi, maliyyə sabitliyinin qorunması və beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqinin yüksəldilməsi Azərbaycanın etibarlı və cəlbedici investisiya məkanı olduğunu təsdiqləyir. Xarici borcun ÜDM-in təqribən 6 faizindən bir qədər çox olması, valyuta ehtiyatlarının isə bu borcu dəfələrlə üstələməsi ölkənin makroiqtisadi dayanıqlığını aydın şəkildə nümayiş etdirir.
Dövlət başçısı gələcək planlardan danışaraq bərpaolunan enerji potensialının artması fonunda enerji saxlanması infrastrukturunun yaradılmasının vacibliyini vurğuladı. Bu məqsədlə ölkə tarixində ilk dəfə olaraq 250 meqavatlıq Batareya Enerji Saxlanc Sisteminin qurulduğu və bunun “AzərEnerji” tərəfindən həyata keçirildiyi bildirildi. Eyni zamanda, 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşa ediləcəyi qeyd olundu. Qarabağ və Şərqi Zəngəzurda son illərdə tikilmiş onlarla kiçik su elektrik stansiyası da bu ümumi potensialın mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyev çıxışının sonunda vurğuladı ki, Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr genişmiqyaslı beynəlxalq əməkdaşlıq nümunəsidir və dövlət xarici sərmayələrin qorunmasına daim təminat verir. Uzun illərdir icra olunan enerji kontraktlarının dəyişdirilmədən yerinə yetirilməsi Azərbaycanın sözünə sadiq və etibarlı tərəfdaş olduğunu sübut edir. Qlobal miqyasda enerji təhlükəsizliyinin getdikcə daha aktual olduğu bir dövrdə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın bu sahədə strateji baxışının və uzunmüddətli inkişaf yolunun növbəti uğurlu nəticəsi kimi dəyərləndirilir.
Xocalı rayon ziyalısı Elməddin Bağırov