0
26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə Xocalı rayonunda narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, xüsusilə yeniyetmə və gənclərin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub.
Xocalı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində, mədəniyyət evlərində, gənclər və idman müəssisələrində, eləcə də ictimai yerlərdə maarifləndirici görüşlər, dəyirmi masalar təşkil olunub.
Tədbirlər çərçivəsində “Narkomaniya ağ ölümdür”, “Sağlam gənclik sağlam gələcəkdir”, “Narkotiklərə yox deyək, həyata hə deyək” və “Gələcəyini qoru – narkotikdən uzaq ol” mövzularında maarifləndirici tədbirlər təşkil olunub.
Keçirilən görüşlərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, həkimlər, gənclər təşkilatlarının üzvləri, valideynlər və şagirdlər iştirak ediblər. Çıxış edənlər narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu ağır zərərlərdən bəhs edərək, narkomaniyanın yaratdığı sosial problemlər, asılılığın fəsadları və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Ümumtəhsil müəssisələrində təşkil olunan görüşlərdə şagirdlərlə profilaktik söhbətlər aparılıb, onların hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirici təqdimatlar nümayiş etdirilib. Tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında hər bir vətəndaşın məsuliyyəti vurğulanıb, yeniyetmələrin zərərli vərdişlərdən uzaq durmasının vacibliyi qeyd olunub.
Rayonun mədəniyyət müəssisələrində təşkil olunan tədbirlərdə sağlam həyat tərzinin təbliğinə həsr olunmuşdur. Gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə müxtəlif maarifləndirici videoçarxlar nümayiş etdirilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən keçirilən görüş və seminarlarda gənclərə narkotik vasitələrin insan orqanizminə mənfi təsirləri, sağlam həyat tərzinin üstünlükləri və asılılıq yaradan vərdişlərin təhlükələri barədə geniş məlumat verilib. Eyni zamanda sosial şəbəkələr üzərindən antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə maarifləndirici paylaşımlar həyata keçirilib.
İştirakçılar narkomaniyaya qarşı mübarizənin hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifə olduğunu vurğulayaraq, sağlam və təhlükəsiz cəmiyyətin formalaşdırılması istiqamətində maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.
| Bölmə | Qəzet |
| Kateqoriya | Rayon tədbirləri |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 həft. öncə |
| İzlənib | 7 dəfə |