0
Xocalı Rayon İcra Hakimiyyəti və Goranboy şəhər 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə ailə dəyərlərinin qorunması, ailədaxili münaqişələrin qarşısının alınması və sağlam ailə münasibətlərinin formalaşdırılması mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə ailə institutunun cəmiyyətdə rolu, ailədaxili münaqişələrin yaranma səbəbləri və onların həlli yolları, məişət zorakılığının qarşısının alınması, narkomaniya ilə mübarizə, uşaq hüquqlarının müdafiəsi və bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxış edərək ailə dəyərlərinin qorunmasının, ailədaxili münaqişələrin qarşısının alınmasının və sağlam ailə münasibətlərinin formalaşdırılmasının cəmiyyət üçün əhəmiyyətindən danışıb. O, ailə institutunun möhkəmləndirilməsində maarifləndirmə işlərinin, hüquqi və psixoloji dəstəyin, eləcə də yerli icra hakimiyyəti orqanları ilə mediasiya təşkilatları arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
Xocalı Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Mahnur Məmmədova çıxışında ailədaxili münasibətlərin uşaqların psixoloji inkişafına təsirindən, ailədə sağlam ünsiyyətin və uşaqların mənəvi-psixoloji rifahının qorunmasının əhəmiyyətindən bəhs edib. O, uşaqların sağlam mühitdə böyüməsi üçün valideyn məsuliyyətinin və ailədaxili qarşılıqlı hörmətin vacibliyini qeyd edib.
Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov ailə sağlamlığının qorunması, sağlam həyat tərzinin təşviqi və narkomaniyanın insan sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətə vurduğu zərər barədə fikirlərini bölüşüb. O, zərərli vərdişlərin qarşısının alınmasında maarifləndirmənin əhəmiyyətini vurğulayıb.
Goranboy şəhər 4 saylı tam orta məktəbin direktoru Eşqin Axundlu çıxışında ailə və məktəb arasında əməkdaşlığın uşaqların tərbiyəsində, milli-mənəvi dəyərlərin aşılanmasında və məsuliyyətli vətəndaşların formalaşdırılmasında mühüm rol oynadığını bildirib. O, uşaqların tərbiyəsi və təhsilində ailə ilə məktəbin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.
Goranboy şəhər 1 saylı Mediasiya Təşkilatının rəhbəri Vüsalə Tağıyeva mediasiya institutunun ailədaxili münaqişələrin həllində, tərəflər arasında dialoqun və qarşılıqlı anlaşmanın yaradılmasında rolundan danışıb. O, mübahisələrin sülh yolu ilə həllində mediasiyanın imkanlarını diqqətə çatdıraraq yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Müzakirələr zamanı ailədaxili zorakılığın qarşısının alınması, uşaqların hüquqlarının qorunması, valideyn məsuliyyətinin artırılması, narkomaniya ilə mübarizə və ailələrə hüquqi-psixoloji dəstəyin göstərilməsi məsələlərinə xüsusi diqqət yetirilib. İştirakçılar bu istiqamətlərdə maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin və aidiyyəti qurumların əlaqəli fəaliyyətinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda Goranboy şəhər 1 saylı Mediasiya Təşkilatı tərəfindən iştirakçılara ailə dəyərlərinin qorunması, münaqişələrin həlli və mediasiya xidmətləri barədə məlumatlandırıcı bukletlər, eləcə də xatirə hədiyyələri təqdim olunub.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Belə maarifləndirici görüşlərin ailə institutunun möhkəmləndirilməsinə, ailədaxili münaqişələrin qarşısının alınmasına və aidiyyəti qurumlar arasında əməkdaşlığın inkişafına töhfə verməsi vurğulanıb.
| Bölmə | Xocalı rayonu |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 11 saat öncə |
| İzlənib | 23 dəfə |