Energetika əməkdaşlığı və enerji təhlükəsizliyi: Azərbaycan qazı və Serbiyanın inkişaf perspektivləri.
Prezident İlham Əliyevin bəyanatında energetika sahəsi xüsusi yer tutmuşdur. Azərbaycan ilə Serbiya arasında enerji əməkdaşlığı son illər yeni mərhələyə qədəm qoymuş və artıq konkret iqtisadi nəticələr verməyə başlamışdır.
Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması Cənub Qaz Dəhlizi çərçivəsində Avropanın enerji təhlükəsizliyinə verilən töhfənin tərkib hissəsidir. Prezident İlham Əliyev bildirmişdir ki, tərəflər qaz ixracının həcminin artırılması barədə razılığa gəlmişlər. Bu, Serbiyanın enerji təminatında şaxələndirmə siyasətinə mühüm dəstəkdir və ölkənin enerji təhlükəsizliyini gücləndirir.
Serbiyada birgə inşa ediləcək elektrik stansiyası layihəsi isə əməkdaşlığın daha dərin mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, belə layihələrin həyata keçirilməsi üçün əlverişli investisiya mühiti əsas şərtdir. Prezident Aleksandar Vuçiçin rəhbərliyi ilə Serbiyada aparılan iqtisadi islahatlar ölkəni xarici investorlar üçün cəlbedici etmişdir. Azərbaycan da məhz bu müsbət investisiya mühitinə əsaslanaraq Serbiyaya böyük həcmdə sərmayə yatırmağa hazır olduğunu bəyan etmişdir.
Enerji sahəsində əməkdaşlıq yalnız qaz ixracı ilə məhdudlaşmır. Azərbaycan hazırda 2 giqavat həcmində ixrac potensialına malikdir və 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü yaratmağı planlaşdırır. Bu artımın əsas hissəsi bərpaolunan enerji mənbələri hesabına təmin ediləcəkdir. Günəş və külək elektrik stansiyalarının inşası Azərbaycanın “yaşıl enerji” strategiyasının tərkib hissəsidir.
Serbiya ilə bu sahədə əməkdaşlıq həm təmiz enerji istehsalının artırılması, həm də gələcəkdə Avropa bazarına elektrik enerjisinin ixracı baxımından yeni imkanlar açır. Yeni və daha geniş transmissiya xətlərinin qurulması zərurəti də məhz bu artan potensialdan irəli gəlir. Beləliklə, Azərbaycan və Serbiya enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sahəsində strateji tərəfdaşlıqlarını daha da gücləndirirlər.
Xocalı rayon ziyalısı Zülfü Quliyev.