Tarixin elə anları var ki, bir xalqın taleyi həmin anın içində yazılır. Elə günlər var ki, yalnız təqvimdə qeyd olunmur, həm də milyonların qəlbində silinməz iz buraxır. 15 İyun – Milli Qurtuluş Günü məhz belə bir gündür – Azərbaycanın tarixində qaranlıqdan işığa, ümidsizlikdən qürura, dağılmaq təhlükəsindən dirçəlişə aparan bir dönüm nöqtəsidir.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün ən çətin, ən acı və ən təhlükəli illər idi. Yeni müstəqillik qazanmış bir dövlətin sütunları laxlamış, siyasi sabitlik yox olmuş, iqtisadi sistem iflic vəziyyətə düşmüşdü. Qarabağda müharibə alovlanmış, minlərlə insan həyatını itirmiş, torpaqlar işğal altına düşmüşdü. Xalq isə ümidsizlik içində idi. Hakimiyyət isə bu ağır yükün altından qalxa bilmirdi. Silahlı dəstələrin özbaşınalığı, vəzifə uğrunda intriqalar və səriştəsiz idarəetmə ölkəni uçuruma aparırdı.
Və həmin vaxt – xalqın artıq sabaha inamının itmək üzrə olduğu bir anda bir ad dilə gəldi: Heydər Əliyev.
1993-cü ilin iyununda xalqın təkidi, tələbi və inamı ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. Onun qayıdışı sadəcə bir siyasətçinin paytaxta dönməsi deyildi. Bu, bir xalqın xilaskarına üz tutması idi. O, Ali Sovetin sədri seçildiyi 15 iyun tarixində Azərbaycan xalqının taleyini dəyişəcək bir yola çıxdı.
Heydər Əliyev qısa müddətdə ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, anarxiyadan xilas etdi. Dövlətin dayaqlarını bərpa etdi, xalqı vahid ideya – müstəqil, güclü və sabit Azərbaycan ətrafında birləşdirdi. Ən çətin anlarda belə təmkinini itirməyən bu dahi şəxsiyyət, ölkəyə sabitlik, sabaha ümid gətirdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan yenidən inkişaf yoluna çıxdı.
15 İyun tarixdə sadəcə bir siyasi hadisə deyil, həm də bir ruhun dirçəlişi, bir xalqın yenidən ayağa qalxması deməkdir. Bu gün bizim dövlətçiliyimizin yenidən doğulduğu, Azərbaycanın əbədi müstəqilliyə doğru addımlamağa başladığı gündür. Məhz bu səbəbdən 15 iyun Milli Qurtuluş Günü kimi tariximizə əbədi həkk olunmuşdur.
Bu gün biz güclü, müstəqil, dünyada söz sahibi olan bir Azərbaycanın vətəndaşlarıyıqsa, bunun təməlində 1993-cü ilin o mühüm iyun günündə verilmiş tarixi qərar dayanır. Bu qərarın müəllifi isə Ulu Öndər Heydər Əliyev idi.
O demişdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.” Bugün bu fikrin reallığa çevrildiyinin canlı şahidləriyik.
15 İyun – bu gün bizim həm tariximiz, həm iftixarımız, həm də gələcəyə inamımızdır!
Xocalı rayon gənci Afərim Lətifli