0
27 Sentyabr hər bir azərbaycanlı üçün həm kədərli, həm də qürurverici bir tarixdir. Bu gün Vətən uğrunda canından keçən oğullarımızı yad edir, onların qarşısında baş əyirik. Çünki bu gün azad torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızda şəhidlərimizin də payı var.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın həyatında yeni bir səhifə açdı. Uzun illər işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda Azərbaycan Ordusu mübarizəyə başladı. Əsgər və zabitlərimiz çətin döyüşlərdə böyük igidlik göstərdilər. 44 gün davam edən müharibədə şəhər və kəndlərimiz bir-birinin ardınca azad edildi. Şuşanın azad olunması isə xalqımıza böyük sevinc və qürur yaşatdı.
Həmin günlərdə Azərbaycan xalqı əsgərinin yanında idi. Yaşından, yaşadığı yerdən asılı olmayaraq hər kəs ordumuzdan gələcək xoş xəbərləri gözləyirdi. İnsanlar bir-birinə dəstək olur, şəhidlərimizin qarşısında böyük ehtiram göstərirdilər. Vətən müharibəsi bir daha sübut etdi ki, xalqımız ən çətin gündə birləşməyi və Vətəni üçün həmrəy olmağı bacarır.
Bu Qələbənin ən böyük qəhrəmanları isə Vətən yolunda həyatını fəda edən şəhidlərimizdir. Onların hər birinin arxasında bir həyat hekayəsi, bir ailə, yarımçıq qalan arzular var. Kimi ata, kimi oğul, kimi qardaş idi. Amma onları birləşdirən ən böyük dəyər Vətən sevgisi idi. Onlar torpaqlarımızın azadlığı uğrunda son nəfəsinədək mübarizə apardılar.
Bu gün şəhid ailələrinin qarşısında hər birimizin mənəvi borcu var. Şəhidlərimizin adını yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə danışmaq bizim vəzifəmizdir. Övladlarımız bilməlidirlər ki, Qarabağın azadlığı asan başa gəlməyib. Bu torpaqlar uğrunda neçə-neçə Azərbaycan övladı öz canından keçib.
Məhz şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsi olaraq Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Hər il bu tarixdə ölkəmizin hər yerində şəhidlərimizin əziz xatirəsi yad edilir və saat 12:00-da bir dəqiqəlik sükutla onların qarşısında ehtiram göstərilir.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır. İllərlə doğma yurdunun həsrətini çəkən insanlar öz torpaqlarına qayıdırlar. Yeni evlər, məktəblər və yollar tikilir, şəhər və kəndlərimiz yenidən qurulur. Bütün bunları gördükcə Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı bir daha minnətdarlıqla xatırlayırıq.
27 Sentyabr bizə Vətənin nə qədər əziz olduğunu, onun uğrunda verilən qurbanların heç vaxt unudulmamalı olduğunu xatırladır. Şəhidlərimizin adları yaddaşımızdan heç vaxt silinməyəcək. Onların qəhrəmanlığı nəsildən-nəslə ötürüləcək və hər zaman böyük qürurla xatırlanacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 saat öncə |
| İzlənib | 2 dəfə |