Hansı tarixi zəmin Nizamidə epik poemalar yazmaq ehtiyacı doğrulmuşdur?. O hansı ictimai sifarişlə işləmişdir? “Xəmsə”dəki hadisələrin inkişafına və istiqamətinə hansı tarixi şərait təkan vermişdir? “Xəmsə” poemaları şairin yaşadığı dövrlə nə dərəcədə səsləşir?.
Bütün bu suallara cavab verməmək üçün XII əsr Yaxın Şərq və Azərbaycan içtimai – siyasi mühitini, xüsusi halda isə Gəncə mühitini qısaca da olsa nəzərdən kecirmək lazımdır.
Mütəxəssislərin fikrincə,Nizami dövrü Azərbaycan Mədəniyyətinin və ədəbiyyatının ən parlaq mərhələlərdən biri olmuşdur. Azərbaycanın böyük filoloq-alimlərindən Mikayıl Rəfili bu barədə yazır:
“Nizami dövrü Azərbaycan mədəniyyəti və bədii ədəbiyyatının ən parlaq inkişaf dövründən biridir.Bu dövr tarixə “qızıl əsr” adı ilə daxil olur.
XII yüzillik Azərbaycan daxil olduğu regionda o dövrün ən qabaqcıl ölkələrdən biri idi. Azərbaycan dövlətinin güclənməsi, elminin, arxitekturasının, incəsənətin və ədəbiyyatın çiçəklənməsi ilə səciyələnir.
Alimin bir ifadəsini yadda saxlayaq: “qızıl əsr”. Sonradan görəcəyimiz kimi, Nizami özü də dəfələrlə bu ifadəyə və ifadənin təcəssüm etdirdiyi dövrə xüsusi məhəbbətlə qayıdacaq.
Məlumdur ki, “Xəmsə” üzərindəki işini şair müəyyən fasilələrlə 1174-cü ildən 1203-cü ilə kimi davam etmişdirdir. Deməli, poemaların ideya mənbələrinin bir qismini başqa qaynaqları istisna etmədən bu otuz illik dövr ərzində baş vermiş tarixi hadisələrdə axtarmaq lazımdır.
Nizaminin doğulub boya-başa çatdığı və bütün şüurlu həyatını keçirdiyi Azərbaycan şəhəri Gəncə X əsrdən başlayaraq Şərq ilə Qərb arasındakı karvan yolunun üstündə dayanan bir şəhər kimi böyük əhəmiyyət kəsb etməyə başlayır və bu baxımdan Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdənin rolunu öz üzərinə götürür. Yerli sənətkarların fəaliyyəti nəticəsində istehsalın artması da şəhərin çiçəklənməsinə öz təsirini göstərir. “X əsrin ikinci yarsında Gəncə abad və əhəmiyyətli bir şəhərə çevrilir. Qaynaqların göstərdiyinə görə, sənət şəhərin həyatında müəyyən yer tutmağa və kənd təsərrüfatında ayrılmağa başlayır.”
Şəddadilərin hakimiyyəti dövründə (951-1088) Gəncə bir paytaxt şəhəri kimi daha da möhkəmlənir və şəhərin ətrafına qala divarları çəkilir.
Maraqlıdır ki, XI – XII əsrlər təkcə Şərqdə deyil, Qərbdədə oyanma və dirçəliş dövrü kimi xarakteriza olunur. Bu zaman kəsiyini “İkinci feodal dövrü” adlandıran M.Blok təsədüfü deyil ki, dörün əsas əlaməti kimi böyük epik poemaların meydana çıxmasını göstərir.
“XI əsrdə Fransada böyük epik poemaların meydana çıxmasını sonrakı dövrün əzamətimədən, inkişaf əlamətlərindən biri kimi nəzərdən keçirmək olar.Çox vaxt belə deyirlər: "XII əsr intibahı.”...İqtisadi sahədə bu qədər aydın görünən ictimai həyatın tərəqqisi mədəniyyət sahəsində də acıq - aşkar özünü birüzə verir. Yunan və xüsusən ərəb dilindən (sonuncular isə çox vaxt yunan fəlsəfəsinin şərhindən ibarət olunurdu) tərcümələrin bolluğu və bu tərcümələrin Qərb fəlsəfi fikrinə təsiri – yad ünsürləri qəbul etmək üçün daha yaxşı antena ilə təchiz edilmiş bir mədəniyyəti bizə göstərməkdir.”
Görünür, Nizaminin böyük epik poemalarının meydana çıxmasını da müəyyən dərəcədə “yad ünsürlərlə (başqa dinlərə və mədəniyyətlərə) acıqlıqla” izah etmək lazımdır. Bunu tarixi dövrün və şairin yaşadığı regionun müəyyən özəllikləri də isbata yetirməkdədir.
Səlcuq imperiyasının tərkibinə daxil olduqdan sonra Gəncə bu dövlətin Gürgüstan sərhəddindəki şəhəri kimi daha çox hərbi əhəmiyyət kəsb etməyə başlayır. Məlumdur ki, Səlcuq yürüşlərinin özü də müsəlman mədəniyyətlərinin sonrakı inkişafında müstəsna rol oynamışdır, bu mədəniyyətlərdə irəliyə doğru bir keyfiyyət dəyişikliyi yaranmasına səbəb olmuşdur.
Ümumiyyətlə, imperiyaya daxil olan ərazilərin vətəndaşlarında psixoloji fərdiliyə meylin güclü olması və güclü şəxsiyyətlərin yaranması haqqında A.N.Veselovskinin irəli sürdüyü nəzəriyyəni də burada xatırlatmaq yerinə düşərdi. Görkəmli alim Qədim Yunanıstanda roman janrının dram janrını əvəz etməsinin səbəbini araşdırarkən yazır: "Yunanıstanda dram hələ milli tarixi inkişaf zolağında durur, roman isə Böyük Aleksandr fütuhatı bu milli inkişafı pozduğu bir vaxtda, müstəqil Yunanıstanın Şərqlı Qərbi bir – birinə qatmış ümumdünya monarxiyasında itdiyi vaxta aiddir.
Gülnarə İsmayılova,
Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə Kompleksi filialının müdiri