Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
26 Avqust – Laçının Zəfər Yolu

0

  • 26 Avqust – Laçının Zəfər Yolu
    Azərbaycan tarixində 26 avqust xüsusi günlərdən biridir – bu tarix Laçın şəhəri günü kimi qeyd olunur. Laçın həm strateji mövqeyinə, həm də zəngin təbiətinə görə ölkəmizin ən qiymətli bölgələrindən biri olub. 1923-cü ildə şəhər statusu alan Laçın 1930-cu ildən rayon mərkəzi kimi formalaşdı. Təbii sərvətləri, meşələri, yaylaqları ilə seçilən bu diyar illərlə Azərbaycan xalqının həyatında mühüm rol oynayıb.
    Lakin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin işğalı ilə Laçının taleyi dəyişdi. On minlərlə insan doğma torpaqlarından didərgin düşdü, yüzlərlə şəhid və itkinlər oldu, yüzlərlə mədəniyyət və təhsil müəssisəsi dağıdıldı, tarixi abidələr vandalizmə məruz qaldı. İşğal illərində Ermənistan beynəlxalq hüquqa zidd olaraq Laçının resurslarını taladı, qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdi. Laçının itirilməsi Azərbaycanın hərbi-strateji vəziyyətinə ağır təsir göstərdi, Qarabağla Ermənistan arasında əlaqə yarandı.
    Tarixi ədalət 2020-ci ildə bərpa olundu. Vətən müharibəsindəki möhtəşəm qələbə nəticəsində Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci ilin avqustunda Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bölgənin tam azadlığı təmin edildi. Bu zəfərdə igidlik göstərən minlərlə hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
    Bu gün Laçın yeni həyat yaşayır. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ və Şərqi Zəngəzur bu gün “cənnətə çevrilir”. Şəhərdə genişmiqyaslı quruculuq işləri aparılır – yüzlərlə ev, məktəb, sosial obyekt, istehsal müəssisəsi inşa edilib. Enerji sahəsində bərpa olunan stansiyalar və yeni layihələr Laçını “yaşıl enerji” mərkəzinə çevirib. Kəlbəcər–Laçın avtomobil yolu, tunellər və körpülər bölgənin nəqliyyat əlaqələrini daha da möhkəmləndirib. 2025-ci ildə istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı isə bu torpağın həm strateji, həm də turizm baxımından əhəmiyyətini artırıb.
    Laçın həm də iqtisadi mərkəzə çevrilir – sənaye zonasında fabriklər, aqro-sənaye parkı fəaliyyətə başlayır, heyvandarlıq, arıçılıq və balıqçılıq inkişaf etdirilir. Turizm sahəsində istirahət kompleksləri, film studiyası, çaykənarı bulvar və yaxın gələcəkdə istifadəyə veriləcək kanat yolu Laçını həm yerli, həm də xarici turistlərin sevimli məkanına çevirəcək.
    Ən böyük qürur isə Böyük Qayıdışdır. Artıq minlərlə laçınlı doğma yurduna dönüb, yeni evlərində məskunlaşıb. Zabux, Sus və Bəylik kəndlərində, eləcə də Laçın şəhərində müasir yaşayış şəraiti yaradılıb. Məktəblər, bağçalar, tibb məntəqələri və sosial obyektlər insanların rahat həyatını təmin edir.
    2025-ci ildə Laçının MDB-nin “mədəniyyət paytaxtı” elan olunması bu torpağın beynəlxalq səviyyədə də mədəniyyət və inkişaf mərkəzi kimi tanınmasına imkan yaradıb.
    26 avqust – Laçın şəhəri günü artıq işğaldan qurtuluşun, zəfərin, quruculuğun və gələcək inamın rəmzidir. Bu gün Laçın Azərbaycan xalqının iradəsini, gücünü və böyük qayıdışını simvolizə edir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib17 dəfə
    26 Avqust Laçının Zəfər Yolu

    Maraqlı gələ bilər
    84
    85
    15
    128