Müasir Azərbaycanda qadın siyasəti və qadınların cəmiyyət həyatındakı rolu.
Azərbaycanda qadın siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər qadınların dövlət idarəçiliyində və cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə mühüm qərarlar qəbul etmiş və bu sahədə dövlət siyasətinin əsasını qoymuşdur.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı ölkədə qadın siyasətinin inkişafında mühüm mərhələ olmuşdur. Bu qurultay qadınların ictimai-siyasi proseslərdə fəal iştirakını təşviq etmiş və onların dövlət quruculuğundakı rolunu daha da gücləndirmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yeni mərhələdə uğurla davam etdirilir. Qadınların hüquqlarının müdafiəsi, onların ictimai və iqtisadi fəaliyyətinin genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar qadınların əmək bazarında və sahibkarlıq sahəsində daha fəal iştirak etməsinə imkan yaratmışdır.
Statistik göstəricilər də qadınların cəmiyyət həyatında artan rolunu təsdiqləyir. Hazırda Azərbaycan əhalisinin 50 faizdən çoxunu qadınlar təşkil edir. İşçi qüvvəsində qadınların payı təxminən 48 faizdir. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Milli Məclisdə qadın deputatların sayı da ilbəil yüksəlir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də Azərbaycan qadınının nüfuzunun beynəlxalq səviyyədə yüksəlməsinə mühüm töhfə verir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən humanitar və mədəni layihələr Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə və beynəlxalq humanitar əməkdaşlığın genişlənməsinə xidmət edir.
Bu gün Azərbaycan qadını həm dövlət idarəçiliyində, həm elmdə, həm iqtisadiyyatda, həm də mədəni və ictimai həyatda fəal iştirak edir. Onların əldə etdikləri nailiyyətlər Azərbaycanın inkişafının və güclənməsinin mühüm amillərindən biridir.
Xocalı rayon ziyalısı Mətanət Zamanova.