Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə qlobal proseslər, regional təhlükəsizlik, sülh gündəliyi və Azərbaycanın enerji siyasəti ilə bağlı mühüm və prinsipial mövqelərini ifadə etmişdir. Dövlətimizin başçısı müsahibəsində beynəlxalq münasibətlər sistemində baş verən ciddi dəyişikliklərə diqqət çəkərək vurğulamışdır ki, bu gün beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq və dəyişməz qayda kimi qəbul edilmir. Məhz bu reallıq fonunda Azərbaycanın strateji məqsədi milli maraqlar əsasında real nəticələr əldə etmək olmuşdur və bütün bu proseslər beynəlxalq hüquqa tam riayət edilməklə həyata keçirilmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası da daxil olmaqla, atılan bütün addımlar beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə uyğun olmuşdur. Bu isə onu göstərir ki, müasir dövrdə beynəlxalq münasibətlər yeni bir mərhələyə qədəm qoymuş, qanunun aliliyindən çox güc balansının həlledici rol oynadığı bir reallıq formalaşmışdır. Belə şəraitdə hər bir ölkə öz siyasətini və strategiyasını potensialına uyğun qurmalı, xüsusilə regional və qlobal səviyyədə mümkün qədər çox tərəfdaşla qarşılıqlı etimada əsaslanan münasibətlər formalaşdırmalıdır. Prezidentin vurğuladığı kimi, Azərbaycan məhz bu yanaşma sayəsində regional və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.
Müsahibədə Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini də xüsusi dəyərləndirmiş və bunu Qafqazda uzun illər davam edən münaqişə, qan tökülməsi və müharibələrdən sonra sülhün qurulması istiqamətində göstərilən səylərə verilən yüksək qiymət kimi qəbul etdiyini bildirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, Cənubi Qafqaz bu gün yeni inkişaf mərhələsinə daxil olur və region artıq bir neçə aydır sülh şəraitində yaşayır. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bu cür sülh mühiti formalaşmışdır ki, bu da həm xüsusi bir hiss, həm də böyük tarixi fürsətdir. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin artıq qarşıdurmadan əməkdaşlıq mərhələsinə keçdiyini, Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətlərin aradan qaldırıldığını və bu ölkənin ciddi şəkildə asılı olduğu əsas malların, o cümlədən neft məhsullarının təchizatına başlanıldığını diqqətə çatdırmışdır. Bu əməkdaşlıq modelinin hər iki tərəf üçün faydalı olduğunu bildirən dövlət başçısı, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətlərinin birgə səyləri nəticəsində Cənubi Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olunmasının əsas məqsəd olduğunu vurğulamışdır.
Prezident İlham Əliyev ölkə daxilində təhlükəsizlik məsələlərinə toxunaraq bildirmişdir ki, Azərbaycanda daxili sabitliyi təhdid edən potensial risklər mövcud deyil və bütün risklər əsasən xarici amillərlə bağlı ola bilər. Bu baxımdan Azərbaycan hər zaman öz sərhədləri boyunca sabitliyin təmin olunmasına xüsusi önəm verir. Regionda, xüsusilə qonşu ölkələrdə baş verən qeyri-sabit proseslərin narahatlıq doğurduğunu qeyd edən dövlət başçısı vurğulamışdır ki, işğal və müharibənin acı nəticələrini yaşamış Azərbaycan üçün sülh, sabitlik və proqnozlaşdırıla bilən mühit ən böyük sərvətdir və istənilən ölkənin uğurlu inkişafının yeganə yoludur. Enerji bazarları ilə bağlı danışan Prezident İlham Əliyev neft qiymətlərinin sabitliyini müsbət göstərici kimi dəyərləndirmiş, dünyanın müxtəlif bölgələrindəki gərginliklərin qlobal enerji bazarına ciddi təsir göstərməməsinin həm hasilatçılar, həm də istehlakçılar üçün gələcək planlaşdırma baxımından vacib olduğunu qeyd etmişdir. Dövlətimizin başçısı ümidvar olduğunu bildirmişdir ki, Cənubi Qafqazda və ətraf regionlarda vəziyyət pisləşməyəcək və bütün ölkələr regional təhlükəsizliyə öz töhfələrini verəcəklər.
Müsahibədə Azərbaycanın enerji siyasəti və beynəlxalq enerji təhlükəsizliyindəki rolu da geniş şəkildə işıqlandırılmışdır. Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və neft-qaz ixrac edən yeganə ölkədir. Uzun illər Gürcüstanın, hazırda isə Ermənistanın enerji ehtiyaclarının Azərbaycandan idxal hesabına ödənilməsi bunu bir daha təsdiqləyir. Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının davamlı şəkildə genişləndiyini bildirən dövlət başçısı, artıq 16 ölkəyə təbii qaz ixrac edildiyini, onlardan 10-nun Avropa İttifaqının üzvü olduğunu qeyd etmişdir. Boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycanın dünyada birinci yerdə olması ölkəmizin strateji enerji aktoru kimi rolunu açıq şəkildə nümayiş etdirir. Müasir nəqliyyat infrastrukturu və inkişaf etmiş boru kəmərləri şəbəkəsi Azərbaycanın Avropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olmasını təmin edir. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın qaz ixracının təkcə Avropa ilə məhdudlaşmadığını, yaxın zamanda Suriyaya da qaz ixracına başlanıldığını, lakin qiymət baxımından Avropa bazarının ən cəlbedici bazar olaraq qaldığını diqqətə çatdırmışdır.
Prezident İlham Əliyev müsahibəsində Avropa Parlamentinin Azərbaycana qarşı illərdir davam edən qərəzli mövqeyinə də toxunaraq bildirmişdir ki, Azərbaycan artıq bu tənqidlərə reaksiya vermir. Dövlətimizin başçısı açıq şəkildə qeyd etmişdir ki, bu cür yanaşma Azərbaycanın müstəqil siyasətini qəbul edə bilməyən müəyyən lobbiçilik qruplarının və xüsusi dairələrin təsirinin nəticəsidir. Uzun müddətdir Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığın dayandırıldığını bildirən Prezident İlham Əliyev, Avropa Komissiyası ilə əməkdaşlığın isə kifayət hesab edildiyini vurğulamışdır. Ermənistanın Azərbaycanla münasibətləri yüksək qiymətləndirdiyi bir dövrdə Avropa Parlamentinin ölkəmizi əsassız şəkildə ittiham etməsinin bu qurumu olduqca qəribə və ziddiyyətli vəziyyətə saldığını qeyd edən dövlət başçısı, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflandığını xatırlatmışdır. Prezident İlham Əliyev ümid etdiyini bildirmişdir ki, Avropa Parlamentinin üzvləri gələcəkdə daha obyektiv mövqe sərgiləyəcək və Azərbaycana qarşı ədalətsiz yanaşmalarını yenidən nəzərdən keçirəcəklər.
Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi bu müsahibə bir daha göstərir ki, Azərbaycan yeni dünya reallıqları fonunda milli maraqlara əsaslanan, sülhü və əməkdaşlığı təşviq edən, eyni zamanda öz suveren mövqeyini qətiyyətlə qoruyan güclü və məsuliyyətli dövlət kimi çıxış edir.
Xocalı rayon ziyalısı Ziya Əliyev