Su təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi.
Müasir dövrdə su ehtiyatlarının qorunması və səmərəli idarə olunması hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycanın su təhlükəsizliyi məsələsi uzun illər mürəkkəb və həssas xarakter daşıyıb. Xüsusilə Ermənistanın işğal dövründə “Sərsəng” və “Suqovuşan” su anbarlarından təzyiq aləti kimi istifadə etməsi ölkəmizə ciddi iqtisadi və humanitar ziyan vurub. Su resurslarının silaha çevrilməsi beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, bölgədə ekoloji fəlakətlərə də yol açıb.
Torpaqların azad edilməsindən sonra su infrastrukturu sahəsində aparılan bərpa və yenidənqurma işləri bu təhlükəni aradan qaldırıb. “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Köndələnçay” və digər su anbarlarının yenilənməsi suvarma və içməli su təminatında mühüm dönüş yaradıb. Eyni zamanda, yeni su anbarlarının tikintisi ilə bağlı planlar Azərbaycanın su ehtiyatlarını artırmaqla yanaşı, iqlim dəyişiklikləri fonunda yaranan risklərin də qarşısını almağa yönəlib.
Dövlətin su siyasəti yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır. Su itkilərinin azaldılması, uçotun dəqiq aparılması və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi bu sahədə şəffaflığı və səmərəliliyi artıracaq. Məqsəd əhalini, sənayeni və kənd təsərrüfatını ilboyu dayanıqlı su ilə təmin etməkdir. Bu yanaşma su təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevirir və ölkənin davamlı inkişafını təmin edir.
Xocalı rayon gənci Anar Əliyev