0
Konstitusiya dedikdə çox vaxt insanların ağlına dövlətin əsas qanunu gəlir. Əslində isə bu sənəd hər birimizin gündəlik həyatı ilə yaxından bağlıdır. Çünki vətəndaşın hüquqları, azadlıqları və dövlət qarşısındakı vəzifələri məhz Konstitusiyada öz əksini tapır.
1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyən etmişdir. Bu sənəd hər bir vətəndaşın qanun qarşısında bərabərliyini, təhsil almaq, işləmək, sosial təminat və digər əsas hüquqlarını təsbit edir.
Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri də odur ki, o, insanların hüquqlarını onların dilindən, dinindən, milli mənsubiyyətindən və digər fərqlərindən asılı olmayaraq qoruyur. Bu yanaşma cəmiyyətimizdə qarşılıqlı hörmətin, ədalətin və bərabərliyin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Biz gündəlik həyatımızda müxtəlif dövlət qurumlarına müraciət edir, təhsil, səhiyyə, əmək və sosial xidmətlərdən istifadə edirik. Bütün bu münasibətlərin hüquqi əsasları Konstitusiyanın müəyyən etdiyi prinsiplərə söykənir. Buna görə də hər bir vətəndaşın öz hüquqlarını bilməsi çox vacibdir. Hüququnu bilən insan qarşılaşdığı problemlərin həlli üçün qanuni yollardan istifadə etməyi də bacarır.
Bununla yanaşı, unutmamalıyıq ki, Konstitusiya bizə yalnız hüquqlar vermir, həm də müəyyən vəzifələr qoyur. Qanunlara əməl etmək, başqa insanların hüquqlarına hörmətlə yanaşmaq, dövlət rəmzlərini qorumaq və Vətən qarşısında məsuliyyətimizi dərk etmək hər birimizin borcudur.
Hesab edirəm ki, Konstitusiyanın mahiyyətini uşaqlara və gənclərə erkən yaşlardan izah etmək lazımdır. Çünki hüquqlarını və vəzifələrini bilən gənclər gələcəkdə daha məsuliyyətli vətəndaş olurlar. Güclü və ədalətli cəmiyyətin formalaşması da məhz belə vətəndaşlardan başlayır.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 6 saat öncə |
| İzlənib | 3 dəfə |