Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Təbii sərvətlərdən səmərəli istifadə Azərbaycanın sənaye və iqtisadi potensialını gücləndirəcək

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun genişləndirilməsi, yeni sənaye sahələrinin yaradılması və ölkənin zəngin təbii ehtiyatlarından səmərəli istifadə mühüm istiqamətlərdən biridir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı bu sahənin gələcək inkişaf perspektivlərini, qarşıda duran vəzifələri və əsas hədəfləri əhatə edir. Dövlət başçısının qeyd etdiyi kimi, dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft sektorunun gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır və bu istiqamətdə görüləcək işlər ölkədə yeni, müasir sənaye sahəsinin formalaşmasına imkan yaradacaq.



    Azərbaycanda son illər müxtəlif sahələri əhatə edən dövlət proqramlarının həyata keçirilməsi iqtisadi inkişafın sistemli və davamlı xarakter daşımasına xidmət edir. Bu proqramların konkret məqsədlər əsasında hazırlanması, maliyyə təminatının müəyyənləşdirilməsi, eləcə də icra və nəzarət mexanizmlərinin yaradılması qarşıya qoyulan hədəflərin vaxtında reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı sahələrində qəbul edilmiş proqramların həm iqtisadiyyatın gücləndirilməsinə, həm də vətəndaşların sosial vəziyyətinin və müasir infrastrukturla təminatının yaxşılaşdırılmasına xidmət etdiyi vurğulanıb.



    2027–2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı da konkret müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan mühüm iqtisadi sənəddir. Proqramın dörd il ərzində icrası nəzərdə tutulur və burada müəyyən edilən tədbirlər regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti ilə sıx bağlıdır. Ötən illər ərzində bölgələrdə yaradılmış müasir infrastruktur yeni sənaye və istehsal layihələrinin reallaşdırılması üçün geniş imkanlar formalaşdırıb.



    Qeyri-neft sektorunun inkişafında əldə olunan nəticələr yeni sənaye istiqamətlərinin yaradılması üçün əlverişli zəmin yaradır. Dövlət başçısının çıxışında cari ilin səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artımın qeydə alındığı bildirilib. Bu göstərici iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini göstərməklə yanaşı, yeni Dövlət Proqramının icrası nəticəsində qeyri-neft sənayesinin uzunmüddətli inkişafı üçün əlavə imkanların yaranacağını göstərir.



    Azərbaycanın dağ-mədən sənayesinin inkişafı baxımından işğaldan azad edilmiş ərazilər xüsusi potensiala malikdir. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara cəlb edilməsi Dövlət Proqramının mühüm istiqamətləri sırasında yer alır. Prezident İlham Əliyevin çıxışında Ağdərə rayonunda işlərə artıq başlanıldığı, yaxın gələcəkdə Kəlbəcər və Zəngilanda da müvafiq fəaliyyətə başlanmasının nəzərdə tutulduğu qeyd olunub. Eyni zamanda, mövcud yataqların ehtiyatlarının müasir geoloji üsullardan istifadə edilməklə dəqiqləşdirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.



    İşğaldan azad olunmuş ərazilərin təbii sərvətlərinin iqtisadi dövriyyəyə daxil edilməsi Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesinə də əlavə imkanlar yaradacaq. Yeni istehsal sahələrinin formalaşdırılması, emal müəssisələrinin yaradılması və müasir sənaye infrastrukturunun qurulması həmin ərazilərdə iqtisadi fəallığın və məşğulluğun artırılmasına xidmət edəcək. Beləliklə, təbii ehtiyatların istifadəsi yalnız iqtisadi gəlirlərin əldə olunması deyil, eyni zamanda, regionların davamlı inkişafının təmin olunması baxımından əhəmiyyət daşıyır.



    Dağ-mədən sənayesinin inkişafında əsas hədəflərdən biri hasil olunan sərvətlərin yalnız xammal şəklində ixrac edilməsinin qarşısını almaq və ölkə daxilində tam istehsal zəncirini formalaşdırmaqdır. Yeni yataqların işlənilməsi ilə yanaşı, zənginləşdirmə və emal müəssisələrinin yaradılması məhsulun əlavə dəyərinin ölkə daxilində formalaşmasına imkan verəcək. Prezident İlham Əliyevin çıxışında əhəmiyyətli yeni qızıl, mis və molibden yataqlarının aşkarlanacağı təqdirdə bütün emal zəncirinin yaradılmasının vacibliyi qeyd edilib.



    Bu istiqamətdə dövlət və özəl sektorun imkanlarından birgə istifadə olunması nəzərdə tutulur. Dövlət xətti ilə “AzerGold”un müvafiq layihələrin həyata keçirilməsində iştirakı ilə yanaşı, özəl sektorun və xarici investorların da prosesə cəlb edilməsi üçün imkanlar mövcuddur. Bu yanaşma iri həcmli investisiyaların tələb olunduğu dağ-mədən sənayesində yeni layihələrin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir.



    Ölkənin digər bölgələrinin dağ-mədən potensialının öyrənilməsi də qarşıya qoyulan vəzifələr sırasındadır. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin başlanmasının nəzərdə tutulması yeni təbii ehtiyatların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının istismara hazırlanması istiqamətində görülən işlər də ölkənin mineral-xammal bazasının iqtisadi imkanlara çevrilməsi istiqamətində atılan addımlardandır.



    Qərb Sənaye Parkının yaradılması da dağ-mədən və metallurgiya sənayesinin gələcək inkişafı ilə bağlıdır. “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın ərazilərdə nəzərdə tutulan digər layihələr yeni sənaye infrastrukturunun yaradılmasını zəruri edir. Burada filiz hasilatı ilə yanaşı, müxtəlif zavodların yaradılması və son məhsula qədər tam istehsal zəncirinin qurulması nəzərdə tutulur.



    Bununla yanaşı, sənaye layihələrinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizliyin qorunması mühüm tələb kimi qarşıya qoyulur. Prezident İlham Əliyevin çıxışında maksimum ekoloji ekspertizanın aparılması və bütün ekoloji normaların gözlənilməsinin vacibliyi vurğulanıb. Dövlət başçısının “Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir” fikri iqtisadi inkişafla yanaşı, ətraf mühitin qorunmasına verilən önəmi aydın şəkildə ifadə edir.



    Metallurgiya sənayesinin inkişaf etdirilməsi və ölkədə emal imkanlarının genişləndirilməsi də Dövlət Proqramının mühüm istiqamətlərindəndir. Alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılması və bu istiqamətdə yeni zavodların yaradılması nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daxili istehsal imkanlarının artırılması və ixrac potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



    Dövlət Proqramının icrası ölkənin sosial-iqtisadi həyatına da mühüm təsir göstərəcək. Beş mindən çox yeni daimi iş yerinin yaradılmasının nəzərdə tutulması xüsusilə regionlarda məşğulluğun artırılması baxımından əhəmiyyətlidir. Qarabağ və Şərqi Zəngəzurda yeni iş yerlərinin açılması həmin ərazilərin iqtisadi inkişafının sürətləndirilməsinə əlavə təkan verəcək. Eyni zamanda, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması dövlət büdcəsinə vergi daxilolmalarının artmasına və Azərbaycanın ixrac potensialının genişlənməsinə imkan yaradacaq. Prezident İlham Əliyevin çıxışında layihələrin gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox olmasının nəzərdə tutulduğu qeyd edilib.



    Beləliklə, 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və regionların inkişafı baxımından yeni imkanlar yaradacaq. Təbii sərvətlərin müasir texnologiyalar və ekoloji tələblər əsasında səmərəli istifadəsi, hasilatdan son məhsul istehsalına qədər tam zəncirin qurulması, yeni müəssisələrin yaradılması və investisiyaların cəlb edilməsi ölkənin sənaye potensialının daha da genişlənməsinə xidmət edəcək. Qarşıya qoyulan hədəflərin həyata keçirilməsi Azərbaycanın iqtisadi imkanlarının gücləndirilməsi ilə yanaşı, regionlarda məşğulluğun artırılmasına və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsinə mühüm töhfə verəcəkdir


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi13 saat öncə
    İzlənib17 dəfə
    Təbii sərvətlərdən səmərəli istifadə Azərbaycanın sənaye və iqtisadi potensialını gücləndirəcək
    Maraqlı gələ bilər
    217
    206