Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Silahlı Qüvvələr Günü – Azərbaycan Ordusunun Şanlı Tarixinə Dəyərli Bir Baxış

0



  • Hər il 26 iyun tarixində qeyd olunan Silahlı Qüvvələr Günü Azərbaycan xalqının öz ordusuna olan inamının, hörmətinin və iftixar hissinin rəmzidir. Bu gün, təkcə bir dövlət bayramı deyil, eyni zamanda xalqın birliyini, vətənpərvərlik ruhunu və müstəqilliyin möhkəm təməlini təcəssüm etdirir. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolu, qazandığı uğurlar və göstərdiyi qəhrəmanlıqlar bu günün əhəmiyyətini daha da artırır.

    Azərbaycan Ordusunun əsası 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu ilə qoyulmuşdur. Lakin bugünkü güclü və peşəkar orduya gedən yolun əsasını, şübhəsiz ki, ümummilli lider Heydər Əliyev qoymuşdur. O, 1969-cu ildə Azərbaycana rəhbərliyə gəldikdən sonra milli hərbi kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirmiş və bu istiqamətdə mühüm addımlar atmışdır. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması bu istiqamətdə ən önəmli layihələrdən biri olmuşdur.

    Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yüzlərlə azərbaycanlı gənc o dövrün nüfuzlu hərbi məktəblərində təhsil almağa başlayaraq gələcəyin zabitlərinə çevrilmişdir. Bu kadr bazası sonradan müstəqillik illərində ordu quruculuğu üçün ciddi potensial yaratdı. Ulu Öndərin “Ordu xalqın bir hissəsidir” fikri onun orduya və hərbi vətənpərvərliyə verdiyi yüksək qiymətin ifadəsidir.

    Müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı təhlükələr və zəif idarəçilik nəticəsində ordunun vəziyyəti acınacaqlı idi. Lakin Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə nizami ordu quruculuğuna başlanıldı. Dağınıq silahlı birləşmələr ləğv edildi, ordu vahid komandanlığa tabe etdirildi. 1994-cü ildə atəşkəs razılaşmasından sonra bu istiqamətdə daha planlı işlər görülməyə başlandı. Ordunun texniki təminatı, döyüş qabiliyyəti, şəxsi heyətin psixoloji və peşəkar hazırlığı gücləndirildi.

    1998-ci ildə 26 iyunun Silahlı Qüvvələr Günü elan edilməsi həm də bu sahədə görülən işlərin dövlət səviyyəsində tanınması idi. Daha sonra yaradılan Hərbi Akademiya, hərbi təhsil müəssisələrinin yenidən qurulması və strukturlaşdırılması peşəkar ordu quruculuğuna ciddi töhfələr verdi.

    Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıq sahəsində atdığı addımlar, xüsusən NATO ilə sıx əlaqələr qurması, hərbi təlimlərdə və sülhməramlı əməliyyatlarda iştirak etməsi orduya müasir dünyada yer tapmaq imkanı yaratdı. Bu əməkdaşlıqlar nəticəsində azərbaycanlı hərbçilər yalnız döyüş texnikası ilə deyil, həm də idarəetmə və hərbi strategiya baxımından böyük təcrübə qazandılar.

    Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu siyasət daha da inkişaf etdirildi. Ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. Prezidentin “güclü dövlət üçün güclü ordu vacibdir” prinsipinə əsaslanan siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvəsinə çevrildi. Müasir hərbi texnologiyalarla təchizat, yerli hərbi sənaye kompleksinin qurulması və inkişafı, hərbçilərin sosial rifahının yüksəldilməsi bu uğurun əsas amilləridir.

    Bu siyasətin ən parlaq nəticəsi 2020-ci ildə əldə olundu. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı. Bu müharibə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də xalqın və ordunun birliyinin, milli ruhun və hərbi qüdrətin rəmzinə çevrildi.

    Bu gün Azərbaycan Ordusu yalnız ölkə daxilində deyil, regionda və beynəlxalq müstəvidə də etibarlı güc kimi tanınır. Hər bir vətəndaş üçün orduya xidmət etmək şərəf, dövlətə və xalqa sədaqətin nümunəsidir. Gənclərimiz üçün ordu həm vətənpərvərlik məktəbi, həm də vətəndaşlıq məsuliyyətini dərk etmə məkanıdır.

    26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə qəhrəman əsgər və zabitlərimizi təbrik edir, vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edən bütün hərbi qulluqçulara dərin təşəkkürümüzü bildiririk. Güclü ordu – güclü dövlət deməkdir. Azərbaycan Ordusu var olduqca, müstəqilliyimiz daim qorunacaq, üçrəngli bayrağımız əbədi dalğalanacaq!

    Xocalı rayon ziyalısı Lamiyyə Qarayeva
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib14 dəfə
    Silahlı Qüvvələr Günü Azərbaycan Ordusunun Şanlı Tarixinə Dəyərli Bir Baxış

    Maraqlı gələ bilər
    135
    164
    26