Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində Euronews televiziyasına müsahibə verib.
Dövlət başçısı müsahibəsində forumun əhəmiyyətini vurğulayaraq, beynəlxalq arenada vəziyyətin kəskin dəyişdiyi bir vaxtda iştirakçıların qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini bölüşmələrinin vacibliyini qeyd edib. O, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələrin vəziyyəti daha da mürəkkəbləşdirdiyini bildirib.
Prezident İlham Əliyev hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesinin getdiyini və beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyasının bəlli olmadığını qeyd edib. O, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olduqlarını vurğulayaraq, Azərbaycanın milli maraqlarını qorumaqda heç bir quruma arxalanmadığını bildirib.
Cənubi Qafqaz regionundakı vəziyyətə toxunan dövlət başçısı, regionun hazırda nisbətən sakit dövrdə olduğunu, lakin bu sakitliyin real addımlarla təmin olunmasının vacibliyini qeyd edib. O, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasının və qonşuluq şəraitində yaşamağa çalışılmasının zəruriliyini vurğulayıb.
Prezident İlham Əliyevin bu müsahibəsi, Azərbaycanın milli maraqlara yönəlik xarici siyasət kursunu və hədəflərə çatmaqda öz gücünə arxalandığını bir daha nümayiş etdirib.
Xocalı rayon ziyalısı Rafiq Quliyev