2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən görüşlər və verilən bəyanatlar iki ölkə arasında mövcud münasibətlərin artıq sadəcə dostluqla deyil, yüksək səviyyəli strateji müttəfiqliklə xarakterizə olunduğunu bir daha sübut etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuat qarşısında verdiyi bəyanat bu münasibətlərin mahiyyətini tam əhatə etməklə yanaşı, gələcək istiqamətləri də aydın şəkildə ortaya qoydu.
Özbəkistanla 2022-ci ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu gün iki ölkə arasındakı əlaqələrin təməlini təşkil edir. Bu sənəd münasibətlərin təkcə siyasi deyil, iqtisadi, sosial, humanitar və təhlükəsizlik sahələrində də sistemli şəkildə inkişafına imkan yaradır. Prezident İlham Əliyevin sözləri ilə desək, bu sənəd istənilən ölkələrarası münasibətlərdə ən yüksək və əhəmiyyətli səviyyəni əks etdirir. İki ölkənin artıq beynəlxalq arenada bir-birini dəstəkləməsi, ortaq mövqelərlə çıxış etməsi və real layihələr əsasında əməkdaşlıq etməsi bu müttəfiqliyin təməl sütunlarıdır.
Görüşlərdə iqtisadi əməkdaşlıq xüsusilə ön plana çıxdı. Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Fondunun artıq real layihələrlə təmin olunması, 10-dan çox layihənin qərar mərhələsinə çatması və fondun 500 milyon dollarlıq kapitalının gələcəkdə daha da artırılacağına dair mesajlar göstərir ki, iki ölkənin iqtisadi inteqrasiyası dərinləşməkdədir. Energetika, kənd təsərrüfatı, turizm, sənaye və xidmət sahələri bu əməkdaşlığın əsas hədəfləri kimi müəyyən olunub. Azərbaycanın Özbəkistan iqtisadiyyatına sərmayə yatırması, eyni zamanda, Özbəkistanın da Azərbaycanda aktiv layihələr həyata keçirməsi qarşılıqlı etimadın göstəricisidir.
Nəqliyyat sahəsində müzakirə olunan məsələlər region üçün strateji əhəmiyyət daşıyır. Orta Dəhliz layihəsi çərçivəsində iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi, həmçinin digər qonşu dövlətlərlə çoxtərəfli mexanizmlərin qurulması, Mərkəzi Asiyadan Avropaya yükdaşımaların təhlükəsiz və sürətli həyata keçirilməsinə şərait yaradacaq. Azərbaycan bu marşrutun əsas qovşağı kimi öz infrastruktur imkanlarını təkmilləşdirməkdədir və Özbəkistan bu potensialdan fəal şəkildə faydalanır.
İdman sahəsində də Özbəkistanın əldə etdiyi uğurlar, o cümlədən futbol üzrə milli komandanın dünya çempionatının final mərhələsinə çıxması, Azərbaycan tərəfindən yüksək qiymətləndirildi. Prezident Əliyev bu nailiyyətin arxasında duran dövlət siyasətini və gənclərə verilən dəstəyi təqdir etdi.
Ən əlamətdar məqamlardan biri isə Qarabağın bərpasında Özbəkistanın verdiyi dəstək oldu. Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb və Xankəndidə yaradılan tikiş fabriki təkcə iqtisadi layihələr deyil, həm də mənəvi və humanitar həmrəyliyin simvoludur. Bu təşəbbüslər regionun sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, yerli əhalinin məşğulluğunu artırır və normal həyata dönüşü sürətləndirir.
Diplomatik əlaqələr sahəsində də yeni mərhələyə keçid baş verdi – Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binası açıldı. Bu binanın Heydər Əliyev tərəfindən ayrılmış ərazidə yerləşməsi, paytaxtın ən nüfuzlu bölgəsində inşa olunması qardaş ölkəyə verilən dəyərin təzahürüdür. Eyni zamanda, Bakının "Ağ şəhər" layihəsi çərçivəsində salınacaq “Özbəkistan” parkı iki xalq arasında dostluğun və mədəniyyətlərarası dialoqun daha bir canlı simvoluna çevriləcək.
Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan təkcə regionda deyil, həm də daha geniş coğrafiyada ortaq maraqlara, ortaq dəyərlərə və strateji baxışlara sahib iki dövlət kimi sıx əməkdaşlıq edir. Siyasi iradə, iqtisadi potensial və ortaq tarixi-mədəni dəyərlər bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə əminlik yaradır. Dövlət başçılarının qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri bu müttəfiqliyin əsas təminatıdır. Bu gün imzalanan sənədlər və səsləndirilən bəyanatlar Azərbaycan-Özbəkistan münasibətlərinin sabit, davamlı və qarşılıqlı faydalı inkişaf trayektoriyasına malik olduğunu bir daha sübut edir.
Xocalı rayon ziyalısı Xaliq Cəfərov