Bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı həm Azərbaycan xalqı, həm də bütün türk dünyası üçün qürurverici bir hadisə oldu. Prezident çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzə çevrilib. O, Qırğız Respublikasına uğurlu sədrliyə görə təşəkkürünü bildirdi və Azərbaycan tərəfindən təşkilatın Katibliyinin hesabına 2 milyon dollar ianə köçürüldüyünü elan etdi. İlham Əliyev vurğuladı ki, Türk dünyasının daxili sabitliyi, geostrateji mövqeyi, gənc əhalisi və təbii resursları bu təşkilatı qlobal arenada vacib güc mərkəzinə çevirir. Dövlət başçısı sülh və təhlükəsizliyin inkişaf üçün əsas amil olduğunu dedi və qeyd etdi ki, bu prinsiplər TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində də öz əksini tapıb. Prezident xüsusi vurğuladı ki, türk dövlətləri regional təhlükəsizliyin qorunması və vahid güc mərkəzi kimi çıxış etməlidirlər. O, həmçinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın vacibliyindən danışdı, Türkiyə ilə keçirilən birgə təlimlərin sayını xatırladaraq 2026-cı ildə TDT-yə üzv ölkələrin Azərbaycanda birgə hərbi təlim keçirməsini təklif etdi. İlham Əliyev bildirdi ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyi və ərazi bütövlüyünün əsas təminatıdır. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Prezident vurğuladı ki, bu qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ədalət uğrunda mübarizəsinin təntənəsidir. O, həmçinin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını bölgədə sülhün bərqərar olması istiqamətində mühüm addım adlandırdı. İlham Əliyev çıxışında nəqliyyat və kommunikasiya məsələlərinə də toxunaraq qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır, Orta Dəhliz boyunca yükdaşımalar 90 faiz artıb və ölkəmiz regionun əsas logistika mərkəzinə çevrilib. O, Zəngəzur dəhlizinin açılmasının da bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını söylədi. Prezident enerji təhlükəsizliyi məsələsinə də diqqət çəkdi və Azərbaycanın 14 ölkəyə qaz ixrac etdiyini, boru kəmərlərinin coğrafi əhatəsinə görə birinci yerdə olduğunu qeyd etdi. O, həmçinin bildirdi ki, Azərbaycan bərpaolunan enerji sahəsində də böyük addımlar atır və 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bu mənbələrdən təmin olunacağını planlaşdırır. Prezident həmçinin TDT-yə üzv ölkələr arasında sərmayə əməkdaşlığının genişləndiyini, qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyulduğunu qeyd etdi. İlham Əliyev çıxışının sonunda tarixi Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsini təklif etdi. Sonda Prezident qardaş ölkələrin Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. O, Füzulidə, Ağdamda və Cəbrayılda tikilən məktəbləri, məscidləri və infrastruktur layihələrini qardaşlıq rəmzi adlandırdı və dedi ki, Azərbaycan xalqı bu yardımları heç vaxt unutmayacaq. Prezident İlham Əliyevin bu çıxışı bir daha göstərdi ki, Azərbaycan türk dünyasının həm siyasi, həm iqtisadi, həm də mənəvi birliyinin möhkəmlənməsində əsas rol oynayır və regionda sülhün, sabitliyin, həmrəyliyin təmin olunmasına sadiq qalır.
Xocalı rayon gənci Orxan Məmmədov