1990-cı illərin əvvəllərində Sovet dövrünün dəyərləri iflasa uğrayır, yeniləri isə o qədər asanlıqla təşəkkül tapmırdı. 1990-cı illərin də poeziya böhranını yaşamış şeirdə yalnız bir ovqat – milli insan ağrısı, yurd sevgisi, torpaq itkisi, şəhidlik acısı natural boyalarla təsvir olunmuşdu. Bu dövrdə millətlə bərabər ədəbiyyatın özü də tarixi sınaq qarşısında qalmışdı və baş verən mürəkkəb siyasi olaylardan dolayı qərar verməkdə çətinlik çəkirdi.
1970-ci illərin dekadans ədəbi cərayanı yeni fəaliyyət sferasına bu dövrdə daxil oldu. Ötən əs¬rin əv¬vəllərindən başlayaraq meydana çıxmış modernist cərəyanlara əsrin sonunda ye¬nidən qayıdıldı, simvolizm, sürrealizm, ekzistensializm, postmodernizm və s. tətbiq edil¬di. 1992-2000-ci illər bədii jurnal və qəzetləri araşdıranda Xocalı soyqırımı səbabkarlarını tapmaq həmin dövrün poeziyasının əsas motivi idi. Rauf Soltanın “Oğul gərək”, “Bir də xəstələnməsin”, “Bu nədir”, “Bərk saxlayaq” şeirlərində soyqrımın törədilməsində özümüzü səbəbkar görür:
Mənsəb üçün girinc olduq,
Nə asandıq, nə dinc olduq,
Kiçik olduq, gülünc olduq,
Özümüzü öyə-öyə.
Sərvaz Hüseynoğlunun milli ordunun zəifliyini Xocalı soyqırında məğlubiyyətin səbəbini göstərir, Ramiz Heydər “Xocalı fəryadı” şeirində problemin kökünə gedərək planın Moskvada hazırlandığını fəryadla tərənnüm edir.
Müharibə psixologizm elementləri – göz yaşı, hüznlü kədər və s. Xocalı qaçqınlarının yaşantıları, 1992-2000-ci illər mətbuatında hələ təsviri xarakterlidir.
Tofiq Mahmudun “Yaralarım” şeirində Xocalı soyqırımında ermənilərin dəhşətlərindən, hər yaralının acılarını şair daxilində çəkir. Özünü yaralı hesab edən şair, “Düşmənlə döyüşən yaralarımdır” yenə də vüqarlıdır və güclüdür.
Nəriman Həsənzadə “Cəbhə bayatıları” müəllif bayatı üstə bütün ağrılarını, acılarını, bütün Qarabağın dərdinə yanan şair düşmənə qarşı mübarizliyə səsləyir. Xocalı soyqırımının törədiliyi ildə yazılan şeirlər də soyqırımın acı hissləri ədəbiyyatda affekt hissi yaradır. Xeyrulla Camalın “Bu qan yerdə qalmayacaq” şeirində soyqırımdan doğan faciəyə qarşı ağır hissi üstündür.
İlham Qəhrəmanlının “Xocalı körpələri” şeirində Azərbaycan Respublikasının milli qəhrəmanı, jurnalist Çingiz Mustafayevin acı fəryadlarla dolu əlindəki körpənin acısına ağlayır:
Çingizin qolunda
Körpə meyitlər,
İlahi doğmaca balam kimiydi.
Qaradalaq oldu Xocalı körpələri.
Mirvari Elsevərin “Qisas al deyir” düşmənə qarşı qisasa səsləyir, kin motivi güclüdür. Xəlil Rza Ulutürkün “Nifrət məktəbi yarat”, Sərvinaz Həsənlinin “Gecələr Xocalı yuxuma girir” Xocalı həsrəti, Xocalının simasında bütün Qarabağ dərdi yuxu arxetipi ilə simvolaşdırır. Ancaq Xocalıda ordunun zəifliyini deyil, milli qəhrəmanların qüdrətini, igidliyini yüksək dəyərləndirir.
İmarət Cəmillinin “Sağalan dağ deyil Xocalı dağı” güllələrin od alov saçdığı, igid oğulların başının kəsildiyi, şaxtalı gecədəki əsir düşən gəlinlər, Qarbağın yanan çırağının sönməsi illər keçsə də, şairin qəlbində hələ də yaraların sağalmadığını qeyd edir.
Qədir Elsevərin “Şəhid anası” şeirində şair vətən uğrunda canından keçən şəhid anasının qarşısında diz çökür, onun nəzərində Xocalı şəhid anası kimi mərd, məğrur sonadır. Heydərəli Nuralın “Qərib” doğma yurdunda yalnız insanların əziyyəti ilə tikilən evlərin deyil, bulaqlar, çaylar, yalnız qalmayıb, onları qərib adlandırır. Səlim Əlioğlunun “Xocalı” Xocalının əldən getməyinə heyifslənir, Xocalı aeroportunun rəhbəri Əlfi Hacıyevin ölümünə heyifslənir. Xanlar Hüseynovun “Xocalı” şeirində “Nahaq qanda batan nurdu Xocalı” deyərək haqsızlığa meydan oxuyur.
Hikmət Ziyanın “Xocalı müsibəti” Xocalı soyqırımın törədən erməniləri faşistlərdən betər acımasız adlandırır:
Çin, iblis, ya şeytan da,
Törətməzdi heç zaman
Bu rəzil cinayət!.
Xocalıdan qaçqın düşən nifrət, od, qan, tufan görən uşağın bütün yaşantıları Tofiq Mahmudun “Xocalıdan gələn uşaq” şeirində qısa və konkret pafosla tərənnüm olunub. Şairin bütün xalqın dərdini hamıdan yaxşı başa düşən balaca uşağı hesab edir:
Öz dərdiylə bu yaşında
Xalq dərdiylə bölən uşaq.
Adlandıraraq onu “gələcəyin tarixi” adlandırır
Erməni terrorçularının və onların havadarlarının Azərbaycana qarşı təcavüzü, işğalçılıq siyasəti, köməksiz insanlara qarşı törədilən qanlı qırğınlar, soyqırımı, insanlığa ləkə gətirən qəddarlıq, barbarlıq aksiyaları şairlərimizin şeirlərində əsasən obyektiv tərənnüm olunmuş, real boyalarla öz bədii əksini tapmışdır. 1990-cı illərin əvvəllərində poeziyamızda mövzu palitrası genişlənməkdə, sənətkarlıq xüsusiyyətləri çətin sınaq dövrünü yaşamaqda idi. Bu keyfiyyət öz növbəsində poeziyada bənzərsiz lirik obrazlara, bədii ifadə və təsvir vasitələrinə yol açır, zənginliyə səbəb olurdu.
1992-2000-ci illər mətbuatında çap olunan şeirlərdə vətənpərvərliyin poetik dərki əsasən lirik qəhrəmanın – şairin öz timsalında təhlil edilmişdir. Qarabağ mövzusunda işləyən hər bir şairimiz ədəbi dilə fərqli aspektdən yanaşmış, hərə öz ilhamına, istedadına uyğun olaraq dilin daxili potensialından, yaradıcılıq qüd¬rə-tindən yetərincə faydalanmışdır.
Soyqırım tariximizin ayrılmaz hissəsi olan Xocalı soyqırımı mövzusunda bədii nümunələrin yazılması müasir dövrdə aktuallıq kəsb edir və xalqımızın başına gətirilən həqiqətlərin üzə çıxarmaq üçün araşdırılması böyük əhəmiyyət daşıyır.
Aynurə Hüseynova,
filologiya üzrə fəlsəfə doktoru,
aynure8@mail.ru