Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı Soyqırımı: XX Əsrin Qanlı Yaddaşı

0

  • “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
    Heydər Əliyev
    “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.”
    İlham Əliyev
    1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlıları amansızlıqla qətlə yetirdilər. Keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayı da bu hücumda iştirak etdi. Qocalar, qadınlar, körpələr amansız şəkildə öldürüldü. Bu hadisə Azərbaycan tarixində ən qanlı səhifələrdən biri kimi həkk olundu. Faciə nəticəsində 613 nəfər şəhid oldu, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı insanlar idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi, 487 insan şikəst oldu, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də naməlum qalır.
    Xocalı işğal edildikdən sonra şəhər tamamilə dağıdıldı, 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi məhv edildi. XIV-XV əsrə aid türbələr, məzarlar, qəbiristanlıqlar dağıdılaraq vandallığa məruz qaldı. 1994-cü il fevralın 24-də Azərbaycan Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən hər il fevralın 26-sı saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilmişdir.
    Xocalı faciəsi XX əsrdə bəşəriyyətin üzləşdiyi ən dəhşətli qətliamlardan biri kimi Holokost soyqırımı ilə müqayisə olunur. Bu hadisə beynəlxalq hüququn normalarına əsasən soyqırımı cinayəti hesab edilir. Azərbaycan hökumətinin apardığı istintaq nəticəsində mülki əhaliyə qarşı törədilmiş bu dəhşətli hücumların soyqırımı cinayətinin elementlərini daşıdığı sübuta yetirilmişdir. Dünyanın bir sıra ölkələri, o cümlədən Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanımışdır. 2012-ci ildə Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ildə Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransında da üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylərin artırılmasını vurğulamışdır.
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Kampaniya çərçivəsində dünya ictimaiyyətinə Xocalı faciəsinin həqiqətlərini çatdırmaq məqsədilə müxtəlif tədbirlər, sərgilər, konfranslar, sosial media təşviqatları təşkil olunur. Xocalı soyqırımı haqqında xarici mətbuatda dəfələrlə dərc olunmuş məqalələr, jurnalistlərin reportajları erməni vəhşiliyinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır.
    Müzəffər Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq Xocalı şəhidlərinin qisasını aldı. 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tam təmizləndi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 26 fevral 2024-cü ildə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməli qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıya köçən sakinlərlə görüşərək şəhərdə bərpa və yenidənqurma işlərini şəxsən nəzarətdə saxladı.
    Hər il Xocalı soyqırımı qurbanlarının xatirəsi minlərlə insanın iştirakı ilə anım tədbirləri ilə yad edilir. Bakıda ucaldılmış “Ana harayı” abidəsi önündə dövlət və hökumət nümayəndələri, ictimaiyyətin müxtəlif təbəqələri Xocalı şəhidlərini ehtiramla anırlar. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq və bu faciə heç vaxt unudulmayacaq.
    Xocalı rayon ziyalısı Elxan Zamanov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməDigər
    KateqoriyaHava
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib50 dəfə
    Xocalı Soyqırımı: XX Əsrin Qanlı Yaddaşı

    Maraqlı gələ bilər
    0
    59
    65