Tarixin yaddaşı millətlərin kimliyini formalaşdıran ən mühüm amillərdən biridir. Azərbaycan xalqının tarixində isə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xüsusi ağrı və kədər ilə xatırlanan, eyni zamanda milli birliyin və yaddaşın rəmzinə çevrilmiş mühüm bir gündür. Bu tarix xalqımıza qarşı həyata keçirilmiş sistemli zorakılıq və soyqırımı siyasətinin ən qanlı təzahürlərindən birini əks etdirir. 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr təkcə bir şəhərin və ya bir bölgənin faciəsi deyildi. Bu, bütöv bir xalqın məhv edilməsinə yönəlmiş genişmiqyaslı və planlı cinayət idi. Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən silahlı dəstələr dinc əhaliyə qarşı amansız qırğınlar törətmiş, minlərlə insanı yalnız milli mənsubiyyətinə görə qətlə yetirmişdir. Bu hadisələr zamanı nə insanlıq, nə də beynəlxalq hüquq normaları nəzərə alınmış, qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürülmüşdür. Tarixi mənbələr göstərir ki, həmin dövrdə törədilən cinayətlər əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilmişdir. Məqsəd azərbaycanlı əhalini qorxutmaq, onları öz doğma torpaqlarından qovmaq və bölgədə etnik tərkibi dəyişdirmək idi. Bu siyasət nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə ailə məhv edilmiş, sağ qalanlar isə qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Şamaxı, Quba və digər bölgələrdə baş verən hadisələr bu soyqırımının ən dəhşətli səhifələrindəndir. Xüsusilə Qubada aşkar edilmiş kütləvi məzarlıq həmin dövrdə törədilən vəhşiliklərin real sübutu kimi tarixə düşmüşdür. Bu məzarlıqdan tapılan insan qalıqları, o cümlədən qadın və uşaqlara məxsus sümüklər göstərir ki, qırğınlar zamanı heç kimə aman verilməmişdir. Bu faktlar bir daha təsdiqləyir ki, baş verənlər sadəcə müharibə deyil, məqsədli soyqırımı siyasəti olmuşdur. Bu faciələrin uzun illər gizli saxlanılması və ya təhrif edilməsi xalqımızın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını çətinləşdirmişdir. Lakin müstəqillik əldə edildikdən sonra bu istiqamətdə mühüm addımlar atılmışdır. Xüsusilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış Fərman bu hadisələrə ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu qərar 31 Martın yalnız anım günü kimi deyil, həm də tarixi həqiqətlərin tanıdılması günü kimi qeyd olunmasına zəmin yaratmışdır. Bu siyasət bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində soyqırımı həqiqətləri beynəlxalq müstəvidə daha geniş şəkildə təqdim olunur. Elmi araşdırmalar, beynəlxalq konfranslar, memorial komplekslərin yaradılması və digər təşəbbüslər bu istiqamətdə aparılan işlərin mühüm hissəsidir. Xüsusilə Qubada yaradılmış Soyqırımı Memorial Kompleksi həm tarixi yaddaşın qorunmasına, həm də bu faciənin gələcək nəsillərə çatdırılmasına xidmət edir. 31 Mart hadisələri bizə yalnız keçmişin acılarını xatırlatmır, eyni zamanda gələcək üçün mühüm dərslər verir. Bu dərslərin ən əsası milli birliyin qorunması, tarixə sahib çıxılması və həqiqət uğrunda mübarizənin davam etdirilməsidir. Tarixi unutmaq yeni faciələrə yol aça bilər. Buna görə də bu hadisələrin unudulmaması və daim xatırlanması böyük əhəmiyyət kəsb edir. Bu gün hər bir azərbaycanlı üçün 31 Mart təkcə matəm günü deyil, həm də qürur və məsuliyyət günüdür. Qürur – çünki xalqımız bütün bu faciələrə baxmayaraq varlığını qoruyub saxlamışdır. Məsuliyyət isə ondan ibarətdir ki, bu həqiqətləri dünyaya çatdırmaq, saxtalaşdırılmasına imkan verməmək və soyqırımı qurbanlarının xatirəsini daim uca tutmaq hər birimizin borcudur. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin unudulmayan səhifəsi, milli yaddaşımızın ayrılmaz hissəsi və ədalət uğrunda davam edən mübarizənin simvoludur.
Xocalı rayon ziyalısı Ziya Əliyev