İnsan var ki, neçə dil bilir, xarici dillərdə səlis danışır. Amma ana dilində cümlə qurmaqda çətinlik çəkir. Bu, təkcə dil problemi deyil. Bu, kimlikdən uzaqlaşmaq deməkdir. Dil bizim genetik kodumuzun bir parçasıdır – necə ki, adımızı dəyişsək belə bizi biz edən xasiyyətimiz qalar, eləcə də ana dilimiz bizim milli ruhumuzu daşıyır.
Azərbaycan dili – sadəcə danışdığımız, yazdığımız bir dil deyil. Bu, bizim yaddaşımızdır. Nənələrimizin laylası, dastanlarımızın dili, muğamın sözüdür. Bəlkə də elə buna görə Ulu Öndər Heydər Əliyev dəfələrlə deyirdi: “Xalqı xalq edən onun ana dilidir.” O bu sözləri sadəcə gözəl səslənsin deyə yox, tarixi və həyati bir həqiqət kimi deyirdi.
Əslində, bir az geri dönüb baxsaq, Azərbaycan dilinin bu günə asan gəlmədiyini görərik. Sovet illərində dilimizin sıxışdırıldığı, rus dilinin üstün tutulduğu bir dövrdə Azərbaycan dilinə dövlət dili statusu qazandırmaq asan deyildi. Amma Heydər Əliyev bu məsələni böyük cəsarətlə qaldırdı, Konstitusiyaya dilimizlə bağlı maddə əlavə olundu. Bu, gələcək nəsillər üçün açılmış yol idi.
Müstəqillikdən sonra bu yol daha da genişləndi. Yeni Konstitusiyada da Azərbaycan dili dövlət dili kimi təsbit olundu. 2001-ci ildən etibarən isə hər il 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu da göstərir ki, dilimiz sadəcə keçmişin yadigarı yox, həm də bu günümüzün və gələcəyimizin təminatıdır.
Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Dilimizin elektron məkanda daha çox işlənməsi, onun saflığının qorunması ilə bağlı imzaladığı fərmanlar, həyata keçirilən proqramlar göstərir ki, bu məsələ dövlət səviyyəsində ciddi diqqət mərkəzindədir.
Amma məsələ təkcə dövlətin işi deyil. Bu işdə hər birimiz məsuliyyət daşıyırıq. Hər bir azərbaycanlı ana dilini bilməli, düzgün və gözəl danışmağa çalışmalıdır. Evdə övladlarımızla, dostlarımızla, həmkarlarımızla danışanda çalışmalıyıq ki, yad sözləri az işlədək, təmiz danışaq. Dilimizin özünün kifayət qədər zəngin ifadə imkanları var. Lazım deyil hər cümləyə bir “forslu” söz qatmaq.
Bəzən deyirlər: “Gənclər daha çox internet dilində danışır, yad sözlər çox işlənir.” Bu, doğrudur. Amma bu tendensiyanı dəyişmək də bizim əlimizdədir. Məktəbdə müəllim, evdə valideyn, televiziyada aparıcı – hər kəs öz töhfəsini verə bilər. Dilin gələcəyi bizim bugünkü münasibətimizdən asılıdır.
Azərbaycan dili o qədər gözəl, zəngin və poetikdir ki, onu sevməmək mümkün deyil. Sadəcə bu dilin ahəngini, sözlərinin dərinliyini duymaq yetərlidir. Bir xalq bu qədər gözəl dillə danışırsa, bu, özü-özlüyündə bir mədəniyyət nümunəsidir.
Ona görə gəlin bu gün – 1 Avqustda sadəcə bir bayram keçirməklə kifayətlənməyək. Gəlin ana dilimizə qarşı olan münasibətimizi, diqqətimizi yenidən nəzərdən keçirək. Dildə təmizliyə, sadəliyə, düzgünlüyə önəm verək. Çünki bu dil bizim özümüzük.
Unutmayaq: Azərbaycan dili bizim yalnız keçmişimiz yox, həm də gələcəyimizdir. Bu dil bizi birləşdirən ən güclü körpüdür. Və biz bu körpünü nə qədər möhkəm saxlayarıqsa, bir millət olaraq bir o qədər möhkəm olarıq.
Xocalı rayon ziyalısı Vasif Bağırov