Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
19–20 Sentyabr 2023 – Azərbaycanın Suverenlik Zəfəri

0


  • 2023-cü ilin 19 sentyabrında Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biri yazıldı. Qarabağda separatçıların və Ermənistan silahlı birləşmələrinin törətdiyi növbəti təxribatlara cavab olaraq Ordumuz lokal antiterror əməliyyatına başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində düşmənin illərlə qurduğu möhkəmləndirilmiş istehkamları dağıdıldı, qanunsuz silahlı dəstələr tam tərksilah edildi, qondarma rejim süquta uğradı. Bu şanlı əməliyyat Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi.
    Əslində, 2020-ci ildəki Zəfər müharibəsindən sonra ölkəmiz dəfələrlə sülh çağırışları etdi. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşaraq, üçtərəfli bəyanatın şərtlərinin icrasını tələb etdi. Amma Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmadı, əksinə, sayını və silahlanmasını artırdı. Separatçılar qondarma “prezident” seçir, “parlament” adından bəyanatlar verərək suverenliyimizə meydan oxuyurdular. Bütün bu qanunsuzluqlar və terror aktları Azərbaycanın səbrini tükətdi.
    19 sentyabr səhəri düşmən tərəfindən mülki şəxslərimizin və hərbi qulluqçularımızın minalarla qətlə yetirilməsi bardağın daşan son damlası oldu. Rəşadətli Azərbaycan Ordusu həm beynəlxalq hüquqa, həm də milli maraqlara söykənərək qətiyyətli addım atdı. Yüksək dəqiqlikli silahlarla düşmənin mövqeləri darmadağın edildi, yüzlərlə texnika məhv edildi, 400-dən çox kvadratkilometr ərazi tam nəzarətə götürüldü. Ən önəmlisi isə, mülki şəxslərin təhlükəsizliyi təmin edildi. Əməliyyat boyu dinc əhaliyə zərər dəyməməsi üçün ciddi göstərişlər verildi, humanist addımlar atıldı.
    Qısa müddətdə separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağda yaşayan erməni sakinlər Azərbaycan dövlətinin reinteqrasiya şərtləri ilə tanış edildi, onlara azad seçim imkanı verildi. Sentyabrın 28-də isə qondarma rejimin ləğvi barədə sənəd imzalandı. Bununla da, Qarabağda separatizm rəsmi olaraq sona çatdı.
    Bu əməliyyat təkcə hərbi qələbə deyildi, həm də tarixi ədalətin bərpası idi. 30 ildən çox davam edən işğal, qeyri-qanuni rejimin fəaliyyəti, Azərbaycanın suverenliyinə kölgə salan amillər bir günlük əməliyyatla məhv edildi. 15 oktyabr 2023-cü ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə üçrəngli Azərbaycan bayrağını ucaltması xalqımızın əsrlər boyu arzuladığı anın gerçəkləşməsi idi.
    Mən bir vətəndaş olaraq bu qələbənin dəyərini hər gün daha çox hiss edirəm. Bu zəfər bir daha göstərdi ki, Azərbaycan heç vaxt haqq yolundan dönmür, öz torpaqlarını, suverenliyini qorumaqda qətiyyətlidir. İndi bütün sərhədlərimiz boyunca bayrağımız dalğalanır, dövlətimizin gücü, xalqımızın birliyi dünyaya nümayiş olunur.
    19–20 sentyabr 2023-cü il əməliyyatı – bu, Azərbaycanın tarixində müstəqilliyimizin ən parlaq, ən şərəfli səhifələrindən biridir. Bu gün artıq heç kim Azərbaycan xalqının iradəsini, suverenliyini sarsıda bilməz.
    Xocalı rayon ziyalısı Ziya Əliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib23 dəfə
    19–20 Sentyabr 2023 Azərbaycanın Suverenlik Zəfəri

    Maraqlı gələ bilər
    103
    98
    0