0
Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olundu. Dövlət başçısının çıxışında əsas fikir aydın idi: gələcək üçün böyük layihələr qurmaqdan ötrü ölkənin iqtisadiyyatı sabit, maliyyə sistemi möhkəm, tərəfdaşlara verdiyi söz isə etibarlı olmalıdır.
Prezident bildirdi ki, son iyirmi ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun təxminən yarısını birbaşa xarici investisiyalar təşkil edir. Bu göstərici təkcə sərmayənin həcmini ifadə etmir. Beynəlxalq şirkətlərin Azərbaycanda uzun müddət işləmək qərarı verməsi ölkənin sabitliyinə və investisiya mühitinə göstərilən etimadın nəticəsidir. Həmin etimadı qorumaq isə yeni sərmayə cəlb etmək qədər əhəmiyyətlidir.
Dövlət başçısı maliyyə dayanıqlığına da diqqət çəkdi. Onun sözlərinə görə, xarici borc ümumi daxili məhsulun 5,6 faizini təşkil edir, valyuta ehtiyatları isə həmin borcu təxminən 20 dəfə üstələyir. Bu imkanlar ölkəyə uzunmüddətli layihələr planlaşdırmaq, iqtisadi çətinliklərə qarşı daha hazırlıqlı olmaq və investorlarla münasibətlərdə inamlı mövqe tutmaq üçün əsas yaradır. Prezident, həmçinin illər əvvəl neft-qaz sahəsində bağlanmış müqavilələrin şərtlərinə sadiqliyi Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasının səbəblərindən biri kimi göstərdi.
Lakin möhkəm təməl üzərində dayanmaq inkişafın başa çatması demək deyil. Prezidentin çıxışında neft-qaz sektorundan kənar imkanlardan daha geniş istifadə etmək çağırışı xüsusi yer tutdu. O qeyd etdi ki, qeyri-neft sektoru ümumi daxili məhsulda böyük paya malik olsa da, ixracın əsas hissəsini hələ də neft və qaz təşkil edir. Deməli, qarşıdakı vəzifələrdən biri ölkədə istehsal olunan başqa məhsul və xidmətlərin də xarici bazarlarda daha güclü yer tutmasına nail olmaqdır.
Forum çərçivəsində mübadilə olunan sənədlər bu istiqamətdə əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini göstərdi. Enerji layihələri ilə yanaşı, texnologiya, sənaye və investisiya üzrə sənədlər də təqdim edildi. Onların arasında Azərbaycan Biznesinin İnkişafı Fondu ilə “UFlex Group” arasında birgə müəssisə müqaviləsi, İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group” arasında strateji tərəfdaşlıq və investisiya çərçivə sazişi, eləcə də Ələt Azad İqtisadi Zonası ilə bağlı investisiya müqaviləsi var. Hər bir sənədin dəyəri onun gələcəkdə həyata keçiriləcək konkret işlərə çevrilməsi ilə ölçüləcək.
Azərbaycanın qarşısında duran məqsəd əldə edilmiş sabitliyi yeni imkanlara çevirməkdir. İstehsalın genişlənməsi, ixracın şaxələnməsi və peşəkar kadrların hazırlanması bu prosesin bir-biri ilə bağlı hissələridir. Prezident İlham Əliyevin forumdakı çıxışı göstərdi ki, ölkənin iqtisadi gələcəyi yalnız mövcud sərvətlərə deyil, həmin sərvətlərdən necə istifadə olunacağına, tərəfdaşlarla qurulan etimada və görülən işlərin davamlılığına bağlıdır.
Xocalı rayon gənci Şəhriyar Quliyev.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 13 saat öncə |
| İzlənib | 5 dəfə |