Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Aqrar inkişaf strategiyası Azərbaycanın gələcək iqtisadi təhlükəsizliyinin əsas təminatıdır

0

  •  



    Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanda aqrar sahənin dövlət siyasətində xüsusi yer tutduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı təkcə kənd təsərrüfatının mövcud vəziyyətinin təhlili deyil, eyni zamanda ölkənin gələcək ərzaq təhlükəsizliyi, regionların inkişafı və iqtisadi dayanıqlığının təmin olunması baxımından mühüm strateji istiqamətləri müəyyən edən proqram xarakterli çıxış oldu.



    Son illər ərzində Azərbaycanda həyata keçirilən Regional İnkişaf Proqramları kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb. Regionlarda qazlaşdırma, elektrik enerjisi təminatı, yol infrastrukturu, su anbarlarının və suvarma sistemlərinin qurulması kənd yerlərində həyat səviyyəsini yüksəldib, insanların doğma torpaqlarına bağlılığını daha da artırıb. Vaxtilə ciddi problemlərlə üzləşən bölgələr bu gün müasir infrastrukturla təmin olunmuş inkişaf məkanlarına çevrilib. Dövlət başçısının da qeyd etdiyi kimi, bu layihələr olmasaydı, Azərbaycanın bugünkü ümumi inkişafını təsəvvür etmək mümkün olmazdı.



    Kənd təsərrüfatında əldə olunan nailiyyətlər sırasında pambıqçılıq, baramaçılıq, fındıqçılıq və üzümçülük kimi ənənəvi sahələrin yenidən dirçəldilməsi xüsusi yer tutur. Vaxtilə tənəzzülə uğrayan pambıqçılıq bu gün yenidən ölkə iqtisadiyyatında mühüm yer tutmağa başlayıb. Məhsuldarlığın bir neçə dəfə artması, istehsal həcminin yüz minlərlə tona çatması kənd yerlərində minlərlə insanın məşğulluğuna müsbət təsir göstərib. Eyni zamanda baramaçılığın və ipəkçiliyin bərpası Azərbaycanın qədim kənd təsərrüfatı ənənələrinin qorunmasına və inkişafına xidmət edir.



    Prezident İlham Əliyev müşavirədə xüsusilə vurğuladı ki, bu gün dünyada baş verən mürəkkəb proseslər hər bir dövləti öz ərzaq təhlükəsizliyi haqqında ciddi düşünməyə məcbur edir. Müharibələr, iqlim dəyişiklikləri, enerji böhranı və nəqliyyat zəncirlərinin pozulması kənd təsərrüfatı istehsalına mənfi təsir göstərir. Belə bir şəraitdə Azərbaycanın daxili istehsal imkanlarını genişləndirməsi strateji zərurətə çevrilib. Dövlət başçısının buğda istehsalı ilə bağlı səsləndirdiyi rəqəmlər də bunu bir daha təsdiqləyir. Hazırda ölkənin özünü buğda ilə təminetmə səviyyəsi 55 faizdir və qarşıya qoyulan əsas məqsədlərdən biri bu göstəricini artırmaqdır.



    Müşavirədə aqroparkların yaradılması və müasir texnologiyaların tətbiqi də mühüm istiqamət kimi qeyd edildi. Aqroparklar kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə, müasir idarəetmə və suvarma sistemlərinin tətbiqinə, eyni zamanda ixracyönümlü istehsalın artırılmasına mühüm töhfə verir. Dövlət başçısı süni intellekt, peyk texnologiyaları və torpaq analizlərinin tətbiqinin vacibliyini vurğulayaraq qeyd etdi ki, hər bir torpaq sahəsinin hansı məhsul üçün daha əlverişli olduğu dəqiq müəyyən edilməlidir. Bu isə gələcəkdə məhsuldarlığın daha da artırılmasına və torpaqlardan səmərəli istifadəyə imkan yaradacaq.



    Prezident İlham Əliyevin çıxışında kənddən şəhərə miqrasiyanın qarşısının alınması məsələsi də xüsusi diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, əsas məqsəd kəndlərdən şəhərlərə axının qarşısını almaq və əksinə, şəhərlərdən kəndlərə qayıdışı təşviq etməkdir. Bunun üçün kəndlərdə müasir sosial infrastruktur yaradılmalı, xidmət sektoru inkişaf etdirilməli, yeni iş yerləri açılmalı və insanların rahat yaşayışı təmin edilməlidir. Son illərdə bölgələrdə tikilən məktəblər, xəstəxanalar, mədəniyyət və xidmət obyektləri bu siyasətin uğurlu nəticələridir.



    Su ehtiyatlarının idarə olunması və yeni su layihələrinin həyata keçirilməsi də müşavirədə əsas mövzulardan biri olub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su anbarlarının bərpası, yeni kanalların tikintisi və müasir suvarma sistemlərinin qurulması minlərlə hektar torpağın əkin dövriyyəsinə cəlb olunmasına imkan verəcək. Şirvan və Qarabağ kanallarının yenidən qurulması kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə ciddi təsir göstərəcək strateji layihələrdəndir.



    Çıxışda intensiv bağçılığın, istixana komplekslərinin və kənd təsərrüfatı məhsullarının emal sənayesinin inkişaf etdirilməsi də prioritet istiqamətlər kimi müəyyən edildi. Məqsəd yalnız məhsul istehsal etmək deyil, eyni zamanda emal sənayesini inkişaf etdirərək ixrac potensialını artırmaqdır. Xüsusilə hazır məhsul istehsalına keçid Azərbaycanın qeyri-neft ixracının artmasına və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcək.



    Prezident İlham Əliyev yeni Dövlət Proqramının 2026–2030-cu illəri əhatə edəcəyini və proqramın qısamüddətli, konkret nəticələrə hesablanmış fəaliyyət planı əsasında həyata keçiriləcəyini bildirdi. Dövlət tərəfindən ayrılacaq böyük maliyyə vəsaiti və özəl sektorun bu prosesə cəlb olunması kənd təsərrüfatında yeni inkişaf mərhələsinin əsasını təşkil edəcək. Dövlət başçısının investorlara ünvanladığı çağırış da göstərir ki, aqrar sahə gələcək illərdə Azərbaycanın ən perspektivli investisiya istiqamətlərindən biri olacaq.



    Bütün bunlar onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı yalnız iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik, sosial rifah və regional inkişaf məsələsidir. Yeni Dövlət Proqramı aqrar sahənin modernləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.



    Xocalı rayon ziyalısı Bəxtiyar Allahverdiyev


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib27 dəfə
    Aqrar inkişaf strategiyası Azərbaycanın gələcək iqtisadi təhlükəsizliyinin əsas təminatıdır
    Maraqlı gələ bilər
    85
    446
    186
    191
    98
    197
    164