Avaza Zirvəsi: Qardaşlıqdan Regional İnkişaf Platformasına
2025-ci il avqustun 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü tarixi məqam kimi yadda qaldı. Bu görüş təkcə diplomatik müstəvidə deyil, həm də xalqlar arasında qardaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında Türkmənistanın etibarlı əllərdə olduğunu, Avaza şəhərindəki inkişafın ölkədə həyata keçirilən düzgün siyasətin bariz nümunəsi olduğunu vurğuladı. Onun sözlərinə görə, Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında imzalanan sənəd xalqlarımızın əsrlərlə davam edən birliyini rəmziləşdirir.
Türkmənistanla Azərbaycan arasındakı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirən Prezident İlham Əliyev Qarabağda türkmən xalqının hədiyyəsi olan məscidin tikintisinin başlanmasını yüksək dəyərləndirdi. Bu təşəbbüs iki ölkə arasındakı mənəvi və mədəni bağların gücləndirilməsinə böyük töhfədir.
Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək də Zirvə bəyanatında xüsusi vurğulandı. Xankəndidə fəaliyyət göstərən tikiş fabriki yüzlərlə insana iş imkanı yaratmaqla yanaşı, bölgənin iqtisadi canlanmasına da mühüm təsir göstərir. Füzulidə açılmış Mirzə Uluqbəy adına orta məktəb isə gələcək nəsillərin bilik və təhsilə qovuşması baxımından əvəzsiz bir hədiyyədir.
Görüşün ən mühüm nəticələrindən biri üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə qərar oldu. Prezident İlham Əliyevin sözlərinə görə, nəqliyyat, tranzit, enerji, neft-qaz və mədəniyyət sahələrində konkret layihələrin hazırlanması istiqamətində artıq göstərişlər verilib. Bu isə gələcəkdə regionda yeni strateji əməkdaşlıq platformasının formalaşacağını göstərir.
Avaza Zirvəsi sübut etdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərdən ibarət deyil, daha geniş regional inkişaf modelinə çevrilir. Bu yeni əməkdaşlıq həm türk dünyasının güclənməsinə, həm də bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir
Xocalı rayon ziyalısı Ziya Əliyev