Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan arasında qurulan çoxşaxəli əməkdaşlığın əhatəli mənzərəsini təqdim edir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid tarixi, mədəni, etnik və geosiyasi məkanda birləşən, strateji əhəmiyyəti durmadan artan böyük bir ailənin üzvləridir. İlk baxışda bizi ayırırmış kimi görünən Xəzər dənizi əslində birləşdirən ən güclü körpüdür – xalqlarımızın strateji birliyinin, əməkdaşlığının və ortaq tarixinin rəmzidir. Bu coğrafi yaxınlıq siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı səfərlərin intensivliyi ilə daha da möhkəmlənir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təkcə son üç ildə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana təxminən 30 səfər etməsi, eləcə də onun qardaş ölkələrə 13 dəfə səfər etməsi münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində Azərbaycanın ardıcıl iştirakı regionun vahid mövqedən çıxış etmək əhəmiyyətini daha da artırır. Orta Dəhlizin genişlənən imkanları, nəqliyyat və tranzit marşrutları üzrə əməkdaşlıq isə ölkələr arasında çoxtərəfli tərəfdaşlığın strateji dayaqlarındandır.
Müsahibənin ən diqqət çəkən məqamlarından biri Azərbaycan–Özbəkistan münasibətlərinin ən yüksək – müttəfiqlik səviyyəsində olmasıdır. Dövlət başçısı Prezident Şavkat Mirziyoyevlə möhkəm şəxsi dostluq və etimad münasibətlərinin ikitərəfli əlaqələrin sürətli inkişafında xüsusi rol oynadığını vurğulayır. Son bir il yarımda beş qarşılıqlı səfərin baş tutması iki ölkənin siyasi iradəsinin, qardaşlıq münasibətlərinin və strateji yaxınlığının bariz nümunəsidir. Bu səfərlər çərçivəsində Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik haqqında Müqavilə, 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” kimi onlarca sənəd imzalanıb. Bütün bunlar Azərbaycan–Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də region miqyasında yeni imkanlar yaratdığını təsdiqləyir.
Prezident İlham Əliyev Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə dəyişməz dəstəyini xüsusi qeyd edib. Özbəkistanın Qarabağın bərpasına göstərdiyi diqqət və Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi Azərbaycanın heç vaxt unutmayacağı qardaşlıq jestidir. Öz növbəsində, ölkələrimiz arasındakı əməkdaşlığın gücünü ifadə edən Ali Dövlətlərarası Şura artıq iki iclas keçirib və tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm mexanizmə çevrilib.
İqtisadi və ticarət əlaqələrinin inkişafı da müsahibənin mühüm məqamlarındandır. 2024-cü ildə Azərbaycan–Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon dollar təşkil edib və 2025-ci ilin ilk doqquz ayında bu rəqəm 87,5 faiz artıb. Özbəkistanın Azərbaycanın iqtisadiyyatına qoyduğu sərmayələr, eləcə də Azərbaycanın Özbəkistandakı yatırımları əməkdaşlığın davamlı və dərin iqtisadi təməllərə söykəndiyini təsdiqləyir. Xankəndində birgə tikiş fabrikinin fəaliyyətə başlaması isə həm iqtisadi, həm də mənəvi baxımdan xüsusi rəmzi məna daşıyan layihələrdəndir.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı iki ölkənin və bütövlükdə regionun strateji əhəmiyyətini artırır. Orta Dəhlizlə yükdaşımaların artması, Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanın hava limanları ölkəmizin qlobal nəqliyyat mərkəzi rolunu gücləndirir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının bütün Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar yaradacağını xüsusi vurğulayıb.
Energetika sahəsində əməkdaşlıq və yaşıl enerji üzrə ortaq təşəbbüslər də münasibətlərin mühüm istiqamətlərindəndir. Qazaxıstan və Özbəkistanla birgə enerji sistemlərinin inteqrasiyasına dair imzalanan sənədlər regionun enerji təhlükəsizliyi və dayanıqlı gələcəyi baxımından yeni mərhələ açır.
Mədəni və humanitar əməkdaşlıq ölkələr arasında qardaşlığın ən səmimi ifadəsidir. Hər iki ölkədə təşkil olunan Mədəniyyət Günləri, “Şuşa günləri”, eləcə də şəhərlərin qardaşlaşması xalqların bir-birinə daha da yaxınlaşdırılmasına xidmət edir. Daşkənddə Heydər Əliyev meydanının mövcudluğu və Bakıda “Özbəkistan” parkının salınması isə qardaşlıq bağlarının simvolik təcəssümüdür. Azərbaycan və Özbəkistanın 2027-ci il U-20 Dünya Çempionatını birgə keçirməsi ölkələrimizin həm idman, həm də təşkilati potensialının dünyada tanınmasının göstəricisidir.
Media və QHT-lər sahəsində əməkdaşlıq da sürətlə inkişaf edir. Keçirilən media forumları, QHT Forumları və müxtəlif layihələr iki ölkə arasında informasiya mübadiləsini və humanitar əlaqələri gücləndirir.
Prezident İlham Əliyevin müsahibəsi bir daha təsdiq edir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə rəsmi əməkdaşlıq deyil, əsrlərin sınağından çıxmış qardaşlıq bağları üzərində qurulub. Bu münasibətlər regionun sabitliyi, inkişafı və xalqların rifahı üçün böyük perspektivlər vəd edir. Müsahibə həm də onu göstərir ki, qarşıda daha geniş siyasi, iqtisadi, mədəni, humanitar və strateji əməkdaşlıq dövrü dayanır və bu inkişafın əsasında xalqlarımızın sarsılmaz dostluğu durur.
Xocalı rayon ziyalısı Elxan Salmanov