0
Azərbaycan–Türkmənistan münasibətləri yeni inkişaf mərhələsində.
2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla çıxış edərək iki qardaş ölkə arasında münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri barədə ətraflı fikirlərini bölüşmüşdür.
Dövlət başçısı çıxışında Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin tarixi köklərə, ortaq mədəniyyətə, dil və mənəvi dəyərlərə söykəndiyini vurğulamışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, münasibətlərimiz möhkəm təməl üzərində qurulub və bu əlaqələr hər iki xalqın rifahına xidmət edən yeni layihələrlə daha da zənginləşdirilir.
Prezident İlham Əliyev Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə, xüsusilə Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü ifadə etmişdir. Qeyd olunmuşdur ki, Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisinə başlanılması Türkmənistanın Azərbaycana olan qardaşlıq münasibətinin bariz nümunəsidir.
Görüş zamanı tərəflər siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmiş, aidiyyəti qurumlara konkret tapşırıqlar verilmişdir. Prezident İlham Əliyev əminliyini ifadə etmişdir ki, Türkmənistanda keçiriləcək Azərbaycan–Türkmənistan Hökumətlərarası Komissiyasının növbəti iclasında bu tapşırıqların icrası istiqamətində mühüm nəticələr əldə olunacaqdır.
Dövlət başçısı mədəni-humanitar əlaqələrin də uğurla inkişaf etdiyini qeyd etmişdir. Bu ilin əvvəlində Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, ötən il isə Türkmənistanın mədəniyyət nümayəndələrinin Bakı və Gəncədə təşkil olunan tədbirlərdə iştirakı xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin daha da möhkəmləndiyini göstərir. Bakı və Aşqabad şəhərlərinin, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması da bu əlaqələrin simvolik ifadəsidir.
Prezident İlham Əliyev Türkmənistan tərəfinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək bunu tarixi hadisə kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında mövcud olan tarixi, mədəni və iqtisadi əlaqələr regionlararası əməkdaşlığın daha da güclənməsi üçün geniş imkanlar yaradır.
Bəyanatda nəqliyyat və logistika sahəsində əməkdaşlığın strateji əhəmiyyəti xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan və Türkmənistanın birgə səyləri nəticəsində formalaşan etibarlı nəqliyyat marşrutları yalnız iki ölkə üçün deyil, bütövlükdə region və geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Tərəflər yükdaşımaların artırılması və yeni tranzit imkanlarının yaradılması istiqamətində fəaliyyətlərini daha da əlaqələndirmək barədə razılığa gəlmişlər.
Enerji sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri kimi qiymətləndirilmişdir. Hər iki ölkənin zəngin enerji ehtiyatlarına malik olduğu vurğulanaraq, bu potensialdan səmərəli istifadə üçün əməkdaşlığın davam etdiriləcəyi bildirilmişdir.
Prezident İlham Əliyev çıxışında Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirmiş, qardaş ölkənin beynəlxalq nüfuzunun artmasını məmnunluqla qeyd etmişdir. Azərbaycanın Türkmənistanın beynəlxalq təşəbbüslərini, o cümlədən neytrallıq siyasətini daim dəstəklədiyi bir daha vurğulanmışdır.
Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlərin imzalanması Azərbaycan–Türkmənistan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini bir daha təsdiqləmişdir.
Azərbaycan və Türkmənistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı inkişafın mühüm amillərindən biri olaraq qalmaqdadır.
Xocalı rayon sakini Tacir Əzizov.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 5 gün öncə |
| İzlənib | 16 dəfə |