Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Qazaxıstan arasında qardaşlıq və strateji əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur

0


  • 2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib və dövlət başçıları mətbuata bəyanatlar veriblər. Görüş bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstanı birləşdirən əlaqələr yalnız diplomatik münasibətlərin çərçivəsi ilə məhdudlaşmır, bu münasibətlərin əsasında dərin dostluq, qardaşlıq və ortaq tarixi-mədəni köklər dayanır.

    Prezident İlham Əliyev çıxışında Qazaxıstanın Prezident Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi ilə son illər ərzində böyük inkişaf yolu keçdiyini, ölkədə modernləşmə, innovasiya və süni intellekt kimi yeni texnologiyaların tətbiqi istiqamətində mühüm islahatların həyata keçirildiyini qeyd etdi. Dövlət başçısı bildirdi ki, Qazaxıstanın beynəlxalq nüfuzu getdikcə möhkəmlənir və bu ölkə bu gün dünya miqyasında etibarlı tərəfdaş, milli maraqlarına sadiq, sabit və müstəqil siyasət yürüdən dövlət kimi tanınır.

    Azərbaycan Prezidentinin sözlərinə görə, tarix boyu Azərbaycanla Qazaxıstan arasında möhkəm qardaşlıq əlaqələri mövcud olub və bu münasibətlər xüsusilə Azərbaycanın ən ağır dövrlərində özünü qabarıq şəkildə göstərib. İşğal illərində Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edib, beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini dəstəkləyib.

    Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin paraflanmasından sonra Qazaxıstanın bu prosesə verdiyi müsbət reaksiyanı da yüksək qiymətləndirdi. Qeyd olundu ki, Azərbaycanın Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərinin aradan qaldırılması və ilk belə tranzitin Qazaxıstanın Ermənistana taxıl yükü olması regionda sülhün və əməkdaşlığın real təzahürüdür. Bu, yalnız diplomatik sənədlərdə deyil, praktiki həyatda da sülhün bərqərar olmasının göstəricisidir.

    Dövlət başçısı xalqlarımızı birləşdirən mənəvi və mədəni dəyərlərin, ortaq tarixin və dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil etdiyini vurğuladı. O, Azərbaycan ilə Qazaxıstan arasında son illər ondan çox qarşılıqlı səfərin həyata keçirildiyini, bu görüşlərin hər birinin konkret nəticələr verdiyini bildirdi. Prezidentlər səviyyəsində keçirilən müzakirələrin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlərinə müsbət təsir göstərdiyini, iqtisadi, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd etdi.

    Görüş zamanı regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri barədə də fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın ərazisində bu layihələr üzrə bütün əsas infrastruktur işləri gələn ilin ortalarında başa çatdırılacaq və 2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizinin açılışı reallaşa bilər. Bu layihə Asiya ilə Avropa arasında yeni, səmərəli və təhlükəsiz bağlantı yaradaraq geniş Avrasiya məkanında iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcək.

    Prezident İlham Əliyev həmçinin vurğuladı ki, Azərbaycan və Qazaxıstan beynəlxalq arenada hər zaman bir-birini dəstəkləyir. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin vahid mövqedən çıxış etməsi bu birliyin bariz göstəricisidir. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitlərinə Qazaxıstan Prezidentinin fəxri qonaq kimi qatılacağı da qeyd olundu.

    Azərbaycan Prezidenti Qarabağın bərpası prosesində Qazaxıstanın dəstəyini xüsusi minnətdarlıqla qeyd etdi. Füzuli şəhərində Prezident Tokayevlə birlikdə açılışı keçirilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin iki xalq arasındakı qardaşlığın simvolu olduğunu vurğuladı. Bu dostluq və dəstək Azərbaycanın “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsində də mühüm rol oynayır.

    Tərəflər iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, Birgə İnvestisiya Fondunun fəaliyyətinin gücləndirilməsi, enerji və bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəldilər. Bundan əlavə, mədəniyyət günlərinin mütəmadi keçirilməsi və regionlar səviyyəsində mədəni əməkdaşlıq proqramının hazırlanması təşəbbüsü də irəli sürüldü.

    Ümumilikdə, Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası iki ölkə arasında dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın növbəti mühüm mərhələsini təşkil etdi. Prezident İlham Əliyev çıxışının sonunda qeyd etdi ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələr yalnız iki dövlətin deyil, bütövlükdə Türk dünyasının həmrəyliyinin və inkişafının mühüm dayağıdır. Bu münasibətlər gələcəkdə də regionda sülhün, sabitliyin və tərəqqinin möhkəmlənməsinə xidmət edəcək.

    Xocalı rayon ziyalısı İlham Kazımov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan Qazaxıstan arasında qardaşlıq strateji əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur

    Maraqlı gələ bilər
    276
    27
    147