Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü – 26 İyun tarixi, xalqımızın hərbi tarixində şanlı səhifələrdən biridir. Bu gün təkcə hərbi sahədə əldə edilmiş uğurların təntənəsi deyil, həm də Azərbaycanın müstəqil dövlət kimi öz suverenliyini qorumaq əzminin və iradəsinin bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə ölkədə hərbi sahədə mühüm dönüş nöqtəsi baş verdi. O dövrdə milli hərbi kadrların hazırlanmasına xüsusi önəm verildi. 1971-ci ildə onun təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına hərbi lisey, hərbi təhsil sahəsində ilk uğurlu addımlardan biri oldu. Eyni zamanda, azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif hərbi məktəblərində təhsil almasına şərait yaradıldı. Bu addımlar gələcəkdə Azərbaycanın peşəkar zabit ehtiyatını formalaşdırmaq üçün güclü bünövrə yaratdı.
Müstəqilliyin ilk illərində isə Azərbaycanın qarşısında ciddi təhlükələr vardı. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı, hakimiyyətsizliyin hökm sürdüyü bir mühitdə nizami ordu yox dərəcəsində idi. Məhz belə çətin bir dövrdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev silahlı dəstələrin ləğvi və nizami ordunun yaradılması prosesini başlatdı. 1994-cü ildə imzalanmış atəşkəsdən sonra bu istiqamətdə daha sistemli və məqsədyönlü addımlar atıldı. Ordunun maddi-texniki təminatı, şəxsi heyətin mənəvi və döyüş hazırlığı gücləndirildi.
Ulu Öndərin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü rəsmi dövlət bayramı elan olundu. Bundan bir il sonra isə Hərbi Akademiyanın yaradılması hərbi təhsilin sistemli inkişafına xidmət etdi. 2001-ci ildə isə hərbi təhsil müəssisələrinin adlandırılması və təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olundu.
Azərbaycan Ordusunun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi də məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində mümkün oldu. NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan hərbçiləri “Sülh naminə tərəfdaşlıq”, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” kimi proqramlarda iştirak etdilər. Hərbçilərimiz Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı əməliyyatlara qatılaraq zəngin təcrübə qazandılar. Bu proses Azərbaycan Ordusunu peşəkar və modern bir gücə çevirdi.
Ulu Öndər Heydər Əliyev dəfələrlə ordunun dövlətçiliyin əsası, müstəqilliyin təminatçısı olduğunu vurğulayırdı. Onun sözləri ilə desək: “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.” Ordu təkcə hərbi qüvvə deyil, xalqla birliyi, yüksək mənəviyyatı, vətənpərvərlik ruhu ilə seçilən güc mərkəzidir.
Bu siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da uğurla davam etdirildi. Dövlət başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimizin müasir silah və texnika ilə təchizatı, şəxsi heyətin mənəvi hazırlığı və döyüş ruhunun yüksəldilməsi daim prioritet oldu. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, əgər danışıqlar nəticə verməsə, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla təmin edəcək. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bu iradə reallığa çevrildi. Azərbaycan Ordusu böyük zəfərə imza ataraq öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü bərpa etdi.
Bu qələbə, Azərbaycan Ordusunun qüdrətini və xalqın orduya olan inamını bir daha sübut etdi. Bu gün Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından biri kimi tanınır. “Global Fire Power” hesabatına görə, Azərbaycan Ordusu Cənubi Qafqazda birinci yeri tutur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşmış hərbi sənaye kompleksi də bu uğurun mühüm dayağıdır. Azərbaycanda istehsal edilən minlərlə hərbi təyinatlı məhsul həm daxili tələbatı ödəyir, həm də beynəlxalq sərgilərdə nümayiş olunur.
Nəticə etibarilə, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suverenliyinin və təhlükəsizliyinin təminatçısı, xalqımızın fəxridir. Bu gün orduya xidmət edən hər bir əsgər, zabit dövlətin və xalqın dərin hörmətini və ehtiramını qazanır. 26 İyun Silahlı Qüvvələr Günü – Azərbaycan dövlətinin gücünü, müstəqilliyini və qürurunu təcəssüm etdirən gündür.
Xocalı rayon gənci Ayşə Əliyeva