Sentyabrın 30-da Bakıda baş tutan yüksək səviyyəli görüş Azərbaycan ilə İtaliya arasında qurulan güclü dostluq körpüsünün daha da möhkəmləndiyini göstərdi. İtaliya Prezidenti Sercio Mattarella ölkəmizə rəsmi səfərə gəlmişdi və bu, onun Azərbaycana ikinci səfəri idi. Bu səfər sadəcə bir protokol görüşü deyildi, əslində, bu iki ölkənin dostluğunun, qarşılıqlı hörmətinin və davamlı əməkdaşlığının real təzahürü idi.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, İtaliya ilə Azərbaycan əsl strateji tərəfdaşlardır. Bu sözlər hər kəlməsi ilə gerçəkliyə söykənir. Çünki illərdir hər iki ölkə siyasi, iqtisadi və enerji sahəsində bir-birinə güvənən, faydalı əməkdaşlıq edən tərəfdaşlara çevriliblər. Bu münasibətlər təkcə rəsmi dairələrdə qalmayıb, xalqların münasibətinə, mədəni əlaqələrə də təsir edib.
Prezidentin dediyi kimi, görüşlər mütəmadi baş tutur. Bu, qarşılıqlı maraq və etimadın göstəricisidir. Qeyd edək ki, ötən il İlham Əliyev İtaliyada rəsmi səfərdə olmuşdu və o zaman Prezident Mattarellanı Azərbaycana dəvət etmişdi. İndi isə bu dəvətə cavab olaraq İtaliya lideri ölkəmizdədir. Bu səfər təkcə bir dövlət başçısının gəlməsi yox, iki ölkə arasında qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinin yenidən təsdiqlənməsi kimi qəbul edilməlidir.
Bütün bu faktlar onu göstərir ki, Azərbaycanın xarici siyasəti düşünülmüş, uğurlu və milli maraqlara əsaslanan bir yoldadır. İtaliya kimi Avropanın böyük ölkəsi ilə belə yaxın və səmimi əlaqələr qurmaq, bu əlaqələri qoruyub saxlamaq və inkişaf etdirmək, şübhəsiz ki, Prezident İlham Əliyevin məqsədyönlü diplomatiyasının nəticəsidir.
Bu gün Azərbaycan təkcə regionda yox, Avropa ilə də mühüm əməkdaşlıq körpüləri qurub. İtaliya ilə olan münasibətlər isə bu körpülərin ən güclülərindən biridir. Hər iki ölkənin liderlərinin verdiyi mesajlar isə onu deməyə əsas verir ki, bu tərəfdaşlıq gələcəkdə daha da dərinləşəcək və hər iki xalqa fayda gətirəcək.
Xocalı rayon ziyalısı Elman Abdullayev