Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il mayın 6-da nüfuzlu “Vietnam News Agency” agentliyinə verdiyi geniş müsahibədə Azərbaycan-Vyetnam münasibətləri, regional təhlükəsizlik, enerji əməkdaşlığı və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək məsələlərinə dair önəmli fikirlər səsləndirib. Dövlət başçısı iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edərək bu müddət ərzində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında formalaşan əlaqələrin yüksək səviyyəyə çatdığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Vyetnam bir-birinin suverenliyinə və ərazi bütövlüyünə daim dəstək verərək beynəlxalq arenada da fəal əməkdaşlıq edirlər.
Müsahibədə Cənubi Qafqaz regionundakı yeni reallıqlara da toxunan Prezident, Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Zəfərdən sonra bölgədə sülh və əməkdaşlığın bərqərar olunması üçün göstərdiyi səyləri vurğulayıb. O, həmçinin Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, enerji təhlükəsizliyinə verdiyi töhfə və BMT, Qoşulmama Hərəkatı kimi qurumlarda fəal rolunu xüsusi olaraq qeyd edib. Prezident Əliyev bildirib ki, Azərbaycan neft və qaz sektorunda olduğu kimi, yaşıl enerji sahəsində də beynəlxalq əməkdaşlığa açıqdır və bu istiqamətdə Asiya ölkələri, o cümlədən Vyetnamla birgə layihələr üçün potensial mövcuddur.
Azərbaycan liderinin müsahibəsi dost və tərəfdaş ölkələrlə münasibətlərin inkişaf etdirilməsinə, qlobal və regional çağırışlara birgə cavab yollarının müzakirəsinə töhfə kimi qiymətləndirilir.
Şahnaz Əliyeva
Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi