02.12.2025-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik” ili çərçivəsində Gender əsaslı Zorakılıq və Erkən nikahlara qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq Xocalı rayon İctimaiyyəti ilə “Təhlükəsiz ailə – Güclü cəmiyyət” adlı maarifləndirici görüş keçirilib. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açıq elan edən İHB-nın müavini Lamiyyə Qarayeva ailə institutunun dövlət siyasətində xüsusi önəm daşıdığını vurğulayaraq qeyd edib ki, cəmiyyətin sağlam inkişafı məhz təhlükəsiz və möhkəm ailə mühitindən keçir. O, erkən nikahların və gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, bu kimi tədbirlərin əhalinin məlumatlılığının artırılmasına ciddi töhfə verdiyini bildirib.
Daha sonra Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov çıxış edərək erkən nikahların qızların sağlamlığına vurduğu fəsadlardan danışıb. O, tibbi statistikalara əsaslanaraq erkən yaşda hamiləliklərin ana və uşaq sağlamlığı üçün yaratdığı riskləri sadalayıb, ailə planlaşdırılması və reproduktiv sağlamlıq mövzularında iştirakçıları məlumatlandırıb.
Xocalı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elşən Nəsibov gənclər arasında sağlam həyat tərzinin təbliği, hüquqi maarifləndirmə və erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən layihələr barədə danışıb. O, gənclərin sosial fəallığının artırılması, onlara düzgün həyat seçimləri etmələri üçün dəstəyin vacibliyini qeyd edib.
Xocalı rayon Polis şöbəsinin əməkdaşı Kamran Əhmədli isə mövzu ilə bağlı hüquqi çərçivəni diqqətə çatdıraraq bildirib ki, gender əsaslı zorakılıq və erkən nikah hallarına qarşı qanunvericilik ciddi mexanizmlər nəzərdə tutur. O, belə halların aşkarlanması zamanı hüquq-mühafizə orqanlarının müdaxilə prosedurlarını izah edib və vətəndaşları maarifləndirərək hər bir faktın vaxtında bildirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıb, suallarını səsləndirib və müvafiq qurumların nümayəndələrindən ətraflı cavablar alıblar. Görüşün sonunda təhlükəsiz ailə modelinin cəmiyyətin inkişafında mühüm rol oynadığı, hər bir fərdin bu prosesdə məsuliyyət daşıdığı xüsusi qeyd olunub. Maarifləndirici tədbirin bu sahədə növbəti təşəbbüslərə stimul verəcəyi vurğulanıb.
Sonda tədbirdə müzakirə olunan məsələlərlə bağlı “Erkən və qohumlar arasında nikahın mənfi nəticələri”, “Şiddətə yox de!”, “Səssiz qalma” adlı qısametrajlı maarifləndirici filmlər nümayiş olunmuşdur. Filmlərdə erkən nikahların hüquqi, sosial və tibbi fəsadları, eləcə də gender əsaslı zorakılığın fərdlərin psixoloji durumuna və cəmiyyətin bütövlükdə inkişafına vurduğu zərərlər real faktlar və həyat hekayələri əsasında işıqlandırılmışdır. Tədbir iştirakçıları təqdim olunan video-çarxları maraqla izləyərək mövzunun aktuallığı və hər kəsin bu prosesdə üzərinə düşən məsuliyyət barədə bir daha düşünməyə sövq olunublar. Görüş maarifləndirici xarakteri, mövzulara kompleks yanaşması və ictimai şüurun formalaşdırılmasına verdiyi töhfə ilə yadda qalmışdır.