Bakı Enerji Həftəsində Prezident İlham Əliyev Azərbaycanın enerji gələcəyi ilə bağlı vacib mesajlar verdi. O qeyd etdi ki, neft və qaz sektoru hələ də strateji əhəmiyyət daşısa da, dövlət bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir.
Prezident çıxışında bildirdi ki, ölkənin bərpaolunan enerji potensialı 200 GVt-dan çoxdur. Bu göstərici təkcə enerji sektorunun inkişafı deyil, eyni zamanda ixrac imkanlarının genişlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Xəzər dənizinin sahilboyu zonalarında külək enerjisi potensialı çox yüksək qiymətləndirilir.
Dövlət başçısı əlavə etdi ki, artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin şirkətləri ilə günəş və külək enerjisi layihələri üzrə müqavilələr imzalanıb. Bu layihələrin icrası nəticəsində yüzlərlə meqavat gücündə yeni enerji mənbələri istifadəyə veriləcək.
Yaşıl enerji sahəsində bu cür addımlar Azərbaycanın Paris İqlim Sazişinə uyğun öhdəliklərini yerinə yetirməsinə, karbon emissiyalarının azaldılmasına və ətraf mühitin mühafizəsinə töhfə verir. Prezident vurğuladı ki, bu sahədə əldə olunan uğurlar Azərbaycanın enerji sektorunun dayanıqlılığını və gələcəyə uyğunluğunu təmin edəcək.
Xocalı rayon ziyalısı Zülfü Quliyev.