Azərbaycan xalqı üçün 2023-cü ilin sentyabr hadisələri sadəcə bir hərbi əməliyyat deyil, əsrlər boyu davam edən mübarizənin son və həlledici mərhələsi idi. 30 ilə yaxın müddətdə Qarabağda qanunsuz rejim fəaliyyət göstərmiş, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, mina terroru və separatçıların iddiaları dövlətimizin suverenliyinə açıq-aşkar meydan oxumaq idi. Azərbaycan isə hər zaman səbirli davranaraq sülh çağırışlarını önə çəkdi, lakin düşmənin məkrli siyasəti buna imkan vermədi.
2023-cü ilin 19 sentyabrında başlanan lokal antiterror tədbirləri qısa müddətdə Azərbaycanın gücünü, ordumuzun peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. 24 saatdan az bir vaxtda separatçılar tam məğlub edildi, qanunsuz silahlı dəstələr təslim oldu. Qarabağda saxta qurumun mövcudluğu birdəfəlik ləğv edildi. Bununla da Azərbaycan suverenliyi hər qarış torpaq üzərində təmin olundu.
Əməliyyatın ən mühüm tərəflərindən biri humanist yanaşma idi. Ordumuz hərbi obyektlərə zərbə endirsə də, dinc əhaliyə toxunmadı, mülki infrastruktur qorundu. Bu, Azərbaycanın beynəlxalq hüquqa və humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsi idi. Qısa müddət ərzində reinteqrasiya prosesi başlandı, Qarabağda yaşayan erməni əhalisinə Azərbaycan vətəndaşlığı çərçivəsində bərabər hüquqlar təklif olundu.
Bu qələbə 2020-ci ilin 44 günlük Zəfər müharibəsinin məntiqi davamı idi. Əgər 2020-ci ildə işğala son qoyuldu, ərazi bütövlüyümüzün böyük hissəsi bərpa olundu, 2023-cü ildə isə dövlət suverenliyi tam təmin edildi. Prezident İlham Əliyevin Xankəndi, Xocalı və digər şəhərlərdə üçrəngli bayrağımızı qaldırması xalqımızın ən böyük arzularının gerçəkləşməsi idi.
Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan artıq tam müstəqil, güclü və suveren dövlətdir. Bu nailiyyət sadəcə hərbi gücün deyil, xalqın birliyinin, Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir. Dövlətimizin suverenliyi gələcək nəsillərə ən böyük miras olaraq ötürüləcək.
19–20 sentyabr 2023-cü ilin əməliyyatı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu, təkcə bir günün qələbəsi deyil, əsrlərin arzusu, xalqımızın mübarizə iradəsinin təntənəsi idi. İndi isə qarşımızda duran vəzifə bu nailiyyətləri qorumaq, müstəqilliyimizi daha da möhkəmləndirməkdir