0
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında etdiyi çıxış zamanı Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərən mühüm məqamlara toxundu. Dövlət başçısı bildirdi ki, təşkilatın 2028-ci ildə keçiriləcək Zirvə görüşünə Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın qəbul olunması ölkəmizin Avropa siyasi məkanında artan rolunun göstəricisidir.
Prezident İlham Əliyev qeyd etdi ki, bu qərar tarazlı yanaşmanın nəticəsidir və Ermənistan da Azərbaycanın namizədliyini dəstəkləyib. Bu fakt Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlandığını və regionda sülhün real perspektivə çevrildiyini nümayiş etdirir.
Dövlət başçısı çıxışında sülh prosesinin praktiki nəticələrinə diqqət çəkərək bildirdi ki, artıq regionda iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Azərbaycan tərəfindən tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yük daşımalarının həyata keçirilməsi və enerji məhsullarının Ermənistana ixracı regionda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsinin strateji əhəmiyyətindən danışaraq vurğuladı ki, bu layihə təkcə regional deyil, beynəlxalq nəqliyyat sistemində də mühüm rol oynayacaq. Azərbaycanın Orta Dəhlizdə əsas iştirakçılardan biri olması ölkənin geosiyasi və iqtisadi mövqeyini daha da gücləndirir.
Prezidentin çıxışında Avropa Parlamenti və AŞPA-nın fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər də diqqət mərkəzində oldu. Dövlət başçısı qeyd etdi ki, bəzi Avropa institutları Azərbaycana münasibətdə qərəzli yanaşmalar sərgiləyir və regionda sülh prosesinə mane olmağa çalışırlar. Prezident xüsusilə Avropa Parlamentinin son illərdə Azərbaycana qarşı qəbul etdiyi qətnamələri əsassız və siyasi motivli sənədlər kimi xarakterizə etdi.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin edib və bununla regionda yeni reallıq yaradıb. Azərbaycanın həyata keçirdiyi siyasət regionda təhlükəsizlik, sabitlik və əməkdaşlıq üçün yeni imkanlar formalaşdırır.
Prezident İlham Əliyev çıxışının sonunda bildirdi ki, Azərbaycan bütün təzyiqlərə və maneələrə baxmayaraq, sülh gündəliyinə sadiq qalacaq. Dövlət başçısının bu mesajı Azərbaycanın regionda davamlı sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biri olduğunu bir daha nümayiş etdirdi.
Xocalı rayon ziyalısı Aqil Məmmədov.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 saat öncə |
| İzlənib | 16 dəfə |