Xocalı gənclərinin idman, təhsil və digər sahərlərdə uğurları davam edir. Belə uğurlardan biri parapauerliftinqçi Zeynalov Talib Ramin oğluna məxsusdur. O, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda (+107 kq) ümumi qaldırmada üç hərəkətin cəmində 307 kq nəticə ilə gümüş medal qazanıb.
Qeyd edək ki, Talib Zeynalov 23 avqust 2004-cü ildə Bakı şəhərində hərbçi ailəsində doğulub. III qrup əlildir. 2021-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin Regionşünaslıq ixtisasına qəbul olub. 2019-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin tərkibində olan parapauerliftinq (ağırlıq qaldırma) idman növü ilə məşğul olur. Şəxsi məşqçisi İlqar İbişovdur.
Talib Zeynalov 14 noyabr 2019-cu ildə V Uşaq Paralimpiya İdman Oyunlarında 105 kq çəki qaldıraraq qızıl medal qazanıb. 24 dekabr 2021-ci ildə VI Uşaq Paralimpiya İdman Oyunlarında 138 kq çəki qaldıraraq qızıl medal və kubok qalibi olmuşdur. 2022-ci il 24–28 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Açıq Avropa Çempionatında +107 kq çəki kateqoriyasında 155 kq çəki qaldıraraq qızıl medal sahibi olmuş və eyni zamanda rus idmançının rekordunu yeniləyib yeni avropa rekorduna imza atmışdır. 29 aprel — 1 may 2023-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda 146 kq çəki qaldıraraq qızıl medala sahiblənmişdir. 22–30 avqust 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Çempionatında +107 kq çəki dərəcəsində 160 kq çəki qaldıraraq gümüş medala sahiblənsə də avropa rekordunu yenidən yeniləmişdir.
Talib Zeynalovun bütün uğurlarına çox sevinir və onunla fəxr edirik. İnanırıq ki, Talib hələ parlaq qələbələri ilə bizi çox sevindirəcək.