Laçın – Qayıdışın, Dirçəlişin və Zəfərin Məkanı
26 avqust tarixinin Laçın şəhəri günü kimi qeyd olunması Azərbaycan xalqı üçün həm tarixi ədalətin bərpası, həm də böyük quruculuq mərhələsinin simvoludur. Laçın qədimdən strateji mövqeyi, təbiət sərvətləri və gözəl yaylaqları ilə seçilib. 1923-cü ildə şəhər statusu alan Laçın 1930-cu ildə rayon mərkəzinə çevrildi. Təbii sərvətlərlə zəngin olan bu torpaq həm coğrafi mövqeyinə, həm də iqtisadi imkanlarına görə hər zaman xüsusi əhəmiyyət daşıyıb.
1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Laçın xalqımızın ən ağır faciələrindən birinə şahid oldu. Yüzlərlə insan həlak oldu, minlərlə sakin doğma yurd-yuvasından didərgin salındı, yüzlərlə mədəniyyət və təhsil ocaqları, tarixi abidələr məhv edildi. Laçının itirilməsi yalnız bir rayonun deyil, bütövlükdə Azərbaycanın strateji baxımdan zəiflədilməsi demək idi. İşğalçı Ermənistan isə beynəlxalq hüquqa zidd olaraq bu ərazilərin resurslarını taladı, qeyri-qanuni məskunlaşdırma apardı.
Lakin xalqımızın iradəsi və dövlətimizin gücü sayəsində 2020-ci ildə tarixi ədalət bərpa olundu. Vətən müharibəsində əldə edilən qələbə nəticəsində Laçın rayonu Azərbaycana qaytarıldı, 2022-ci ilin avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Bu zəfər uğrunda vuruşan minlərlə hərbi qulluqçumuz dövlət tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.
Bu gün Laçın özünün yeni həyatına qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində şəhər müasir simasını qazanır. Su elektrik stansiyalarının bərpası və yenilərinin tikintisi Laçını Azərbaycanın enerji xəritəsində xüsusi yerə çevirib. Kəlbəcər-Laçın avtomobil yolu, tunellər, körpülər, eləcə də 2025-ci ildə istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı bölgəni strateji və iqtisadi baxımdan daha da gücləndirib.
Şəhərin baş planına uyğun olaraq yüzlərlə fərdi ev, çoxmənzilli binalar, məktəblər, tibb müəssisələri, mədəniyyət ocaqları tikilir. İstehsal müəssisələri, sənaye zonaları, aqro-sənaye parkı, mebel və ayaqqabı fabrikləri yerli əhalinin məşğulluğunu təmin edir. Turizm potensialını artırmaq üçün Laçın istirahət kompleksi, Hoçazfilm studiyası, çaykənarı bulvar və gələcəkdə fəaliyyət göstərəcək kanat yolu kimi layihələr həyata keçirilir.
Ən böyük sevindirici hadisə isə Böyük Qayıdışdır. Artıq minlərlə laçınlı Zabux, Sus, Bəylik və Laçın şəhərində yeni evlərində yaşayır. Qaytarılan kəndlərdə məktəb, bağça, tibb məntəqələri, sosial obyektlər inşa olunub. Laçın bu gün həm sakinlərinin rahat həyatı, həm də gələcək inkişafı üçün nümunəvi bir modelə çevrilir.
2025-ci ildə Laçının MDB-nin “mədəniyyət paytaxtı” elan edilməsi isə bölgənin beynəlxalq nüfuzunu daha da artırır. Bu status Laçının yalnız iqtisadi və sosial inkişafını deyil, həm də mədəni irsinin, zəngin ənənələrinin dirçəlişini nümayiş etdirir.
26 avqust – Laçın şəhəri günü təkcə bir qələbənin deyil, həm də dirçəlişin, quruculuğun, gələcəyə inamın bayramıdır. Laçın bu gün Azərbaycanın zəfər tarixinin parlaq səhifəsi, sabahının isə ümid rəmzi kimi yaşayır.