Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara daha çevik və əlçatan xidmətlərin göstərilməsi məqsədilə Rəqəmsal İcra Hakimiyyəti portalı aktiv şəkildə istifadə olunur. Son illərdə portal üzərindən daxil olan müraciətlərin sayında ciddi artım müşahidə edilir ki, bu da vətəndaşların rəqəmsal xidmətlərə marağının yüksəldiyini göstərir.
2023-cü ildə portal üzərindən cəmi 43 müraciət qeydə alınmışdı. Bunlardan 3-ü onlayn görüş, 40-ı isə yerində görüş olmuşdur. Lakin 2024-cü ildə bu rəqəm 120-yə çatmışdır. Müraciətlərin 18-i onlayn, 102-si isə yerində görüş formatında həyata keçirilmişdir.
Bu artım, bir tərəfdən, vətəndaşların dövlət qurumları ilə əlaqədə rəqəmsal platformalara üstünlük verməyə başladığını, digər tərəfdən isə İcra Hakimiyyətinin bu sahədə apardığı maarifləndirmə işlərinin səmərəli nəticələr verdiyini göstərir.
2025-ci il ərzində də Xocalı Rayon İcra Hakimiyyəti Rəqəmsal İcra Hakimiyyəti portalının imkanlarını genişləndirmək, müraciət prosesini daha da asanlaşdırmaq və vətəndaşlara operativ xidmət göstərmək üçün müxtəlif yeniliklər həyata keçirməyi planlaşdırır. Rəqəmsallaşmanın sürətlənməsi fonunda vətəndaşların bu imkanlardan daha geniş istifadə etməsi üçün maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.
Bu istiqamətdə atılan addımlar dövlət xidmətlərinin optimallaşdırılmasına və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir. Xocalı Rayon İcra Hakimiyyəti gələcəkdə də vətəndaşların rəqəmsal platformalardan istifadəsini genişləndirmək üçün innovativ həllər üzərində işləməyə davam edəcək.