Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir

10/3

  • 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Bu qərar, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə rəsmiləşdirilmişdir.

    Sərəncamın əsas məqsədi ölkəmizin hüquqi və siyasi tarixində mühüm əhəmiyyət kəsb edən iki əlamətdar hadisənin, yəni Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünü və Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünü qeyd etməkdir.
    Bu təşəbbüs, Azərbaycanın müstəqillik və suverenlik prinsiplərinə sadiqliyini nümayiş etdirir, milli həmrəylik və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda bu əlamətdar hadisələr ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını simvolizə edir.

    Konstitusiya hər bir dövlətin əsas qanunudur və onun hüquqi, siyasi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir. Dövlət hakimiyyətinin təşkili,vətəndaş hüquq və azadlıqları, dövlətin idarəetmə forması və digər fundamental prinsiplər konstitusiya vasitəsilə tənzimlənir. Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və ilk növbədə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi artıq mütləq idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyasının hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə mövcud olan ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda dövlət müstəqilliyi üçün təhdidlərin olması bu mühüm vəzifənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə siyasi sabitliyi təmin etdi və Konstitusiyanın hazırlanmasını prioritet vəzifə kimi qarşıya qoydu.

    Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ilin əvvəllərində Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın fəaliyyəti şəffaflıq, müzakirə və ictimai iştirakçılıq prinsipləri üzərində quruldu. Layihə geniş ictimaiyyətə təqdim olundu, təkliflər toplandı və nəticədə dövlətin gələcək inkişafını təmin edəcək mükəmməl hüquqi baza formalaşdırıldı.

    Beləliklə də, Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi- referendumu yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Bu sənəd müstəqil Azərbaycanın suverenliyinin və hüquq dövlət quruculuğunun təməlini qoydu. Konstitusiya ölkənin demokratik inkişafı, vətəndaş cəmiyyətinin formalaşması, insan hüquqlarının qorunması və hüquqi sistemin möhkəmləndirilməsi sahələrində mühüm rol oynadı.
    Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabr ayının 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

    12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli lider Heydər Əliyev qeyd etmişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.

    Prezident İlham Əliyev Ümummili Liderin siyasi kursunu uğurla davam etdirərək Konstitusiyanın prinsiplərini yeni tarixi şəraitdə həyata keçirir. 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə, ərazi bütövlüyümüzün bərpası və Qarabağda həyata keçirilən böyük quruculuq işləri Konstitusiyada təsbit olunmuş dövlət suverinliyinin real təminatçısıdır.

    Bu gün hər bir azərbaycanlı Konstitusiyanın prinsiplərinə sadiq qalaraq dövlətimizin müstəqilliyini və suverenliyini qorumağa borcludular. Konstitusiyanın müəllifi Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu isə Azərbaycanın gələcək inkişafının əsas təminatıdır.

    Azərbaycan Respublikasının dövlət suverenliyi xalqımızın müstəqillik arzularının gerçəkləşməsi, milli dövlətçiliyin bərpası və gələcək inkişaf yolunun əsasını təşkil edən fundamental anlayışdır. Suverenlik yalnız hüquqi-siyasi kateqoriya deyil, həm də milli şüurun, azadlıq idealının və vətəndaş məsuliyyətinin təcəssümüdür.

    Azərbaycan xalqı tarix boyu azadlıq uğrunda mübarizə aparmış, lakin XX əsrin sonlarında gerçəkləşmişdir. Azərbaycanın suverenliyi 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə təmin edilsə də, ölkənin tam ərazi bütövlüyünü yalnız 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində qazanılan Qələbə ilə bərpa olundu.

    44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdə davam etdi. Belə ki 2023-cü il sentyabrın 19-da törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı. 24 saatdan az müddətdə davam etmiş əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da, Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu tarix milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

    Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi qərara alındı. Sərəncamda qeyd edilmişdir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

    2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi, Azərbaycanın dövlətçilik ənənələrinin qorunması və gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu il ərzində həyata keçiriləcək tədbirlər Azərbaycan cəmiyyətində milli həmrəylik və dövlətçilik prinsiplərinin möhkəmlənməsinə xidmət edəcək.

    Eyni zamanda, bu qərar Azərbaycanın hüquqi dövlət kimi inkişafının, suverenliyinin qorunmasının və beynəlxalq səviyyədə müstəqil siyasət yürütməsinin mühüm göstəricisidir. Azərbaycan bu mühüm ili, tarixi hadisələrə uyğun olaraq, milli ruh yüksəkliyi və dövlətçilik dəyərlərinə sadiq qalaraq qeyd edəcəkdir.

    Azərbaycan Respublikasının dövlət suverenliyi xalqımızın azadlıq iradəsinin və müstəqil inkişaf yolumuzun ən ali dəyəridir. Bu dəyərin qorunması hər bir vətəndaşın şərəfli vəzifəsidir.

    Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət suverenliyimizin möhkəmlənməsini təmin etmişdir. Bugünkü Azərbaycan müstəqil və suveren dövlət kimi dünya birliyində öz layiqli yerini tutmuşdur.
    Gülşən Şəfiyeva,
    Xocalı rayon prokurorluğunun müstəntiqi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib192 dəfə
    suveren bütöv azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir

    Maraqlı gələ bilər
    292
    27
    80
    85