0
Azərbaycan tarix boyu müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada yaşadığı ölkə olub. Bizim xalqımız hər zaman insanlara milli mənsubiyyətinə və dini inancına görə deyil, insani keyfiyyətlərinə görə qiymət verib. Bu gün də ölkəmizdə mövcud olan mehribanlıq, qarşılıqlı hörmət və birlik ənənələri cəmiyyətimizin ən böyük dəyərlərindəndir. Prezident İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışını dinləyərkən bir daha düşündüm ki, Azərbaycanın gücü təkcə iqtisadi inkişafında və ya hərbi qüdrətində deyil, həm də xalqımızın birliyindədir.
Dövlətimizin başçısı çıxışında ölkəmizdə yaşayan bütün xalqların bir ailə kimi yaşamasından danışdı. Bu fikirlər hər birimizin gündəlik həyatında gördüyü həqiqətlərdir. Azərbaycanda müxtəlif millətlərin nümayəndələri illərdir bir-birinin sevincinə sevinir, kədərini bölüşür, eyni torpağın gələcəyi üçün çalışırlar. Bizim üçün əsas olan Azərbaycan vətəndaşı olmaq, bu Vətəni sevmək və onun inkişafına öz töhfəmizi verməkdir. Məhz belə münasibət cəmiyyətimizdə sağlam mühit yaradır.
Xalqımızın birliyi xüsusilə çətin günlərdə özünü daha aydın göstərib. Torpaqlarımızın işğal altında olduğu illərdə də, Vətən müharibəsi zamanı da insanlar bir amal ətrafında birləşdilər. Hər kəsin ürəyində eyni arzu var idi: torpaqlarımız azad olunsun, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin. Bu yolda müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşları çiyin-çiyinə dayandılar. Həmin günlər bizə bir daha sübut etdi ki, birlik olan yerdə ən böyük çətinlikləri belə aradan qaldırmaq mümkündür.
Prezidentin çıxışında diqqətimi çəkən digər mühüm məsələ milli dəyərlərimizin qorunması ilə bağlı oldu. Həqiqətən də, xalqımız müxtəlif tarixi dövrlərdən keçsə də, öz dilini, adət-ənənələrini, milli kimliyini və mənəvi zənginliyini qoruyub saxlamağı bacarıb. Bu gün bizim üzərimizə düşən vəzifə həmin dəyərləri gələcək nəsillərə ötürməkdir. Uşaqlarımıza Vətən sevgisini, böyüklərə hörməti, insanlara qarşı mehriban münasibəti öyrətməliyik.
Bir vətəndaş kimi hesab edirəm ki, ölkəmizin gələcəyi də məhz bu birlikdən asılıdır. Biz fərqli düşünə bilərik, müxtəlif peşələrdə çalışa bilərik, amma hamımızın ortaq Vətəni Azərbaycandır. Onun uğurları hər birimizin sevincidir. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, müxtəlif ölkələrdən insanların Bakıya gəlməsi də ölkəmizin dünyada tanınmasına və mədəniyyətimizin təbliğinə xidmət edir.
Bu gün hər birimiz çalışmalıyıq ki, cəmiyyətimizdəki qarşılıqlı hörmət və mehribanlıq daha da möhkəmlənsin. Çünki güclü dövlətin arxasında ilk növbədə bir-birinə inanan, öz dəyərlərinə sahib çıxan və Vətənini sevən xalq dayanır. Azərbaycanın dünənki uğurlarının da, sabahkı nailiyyətlərinin də əsas dayağı məhz xalqımızın birliyidir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 11 saat öncə |
| İzlənib | 2 dəfə |