Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətən sevgisinin və qəhrəmanlığın unudulmaz tarixi

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 27 Sentyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan tarixlərdən biridir. Bu gün Vətən uğrunda həyatını fəda edən şəhidlərimizi dərin hörmət və minnətdarlıqla yad edirik. Onların göstərdiyi qəhrəmanlıq sayəsində xalqımız uzun illər həsrətində olduğu doğma torpaqlarına qovuşdu.



    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi təxribatından sonra Azərbaycan Ordusu əks-hücuma keçdi. Həmin gündən başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin ən mühüm hadisələrindən birinə çevrildi. Azərbaycan əsgəri torpaqlarımızın azadlığı uğrunda böyük mərdliklə döyüşdü. Şəhərlərimiz, kəndlərimiz və strateji yüksəkliklərimiz bir-birinin ardınca azad edildi.



    Müharibə günlərində bütün xalqımızın ürəyi cəbhə ilə döyünürdü. Hər bir azərbaycanlı ordumuzdan gələn xəbərləri böyük həyəcanla gözləyirdi. Əsgərlərimizin irəliləməsi, yaşayış məntəqələrimizin azad olunması insanlarda böyük sevinc və qürur hissi yaradırdı. Azərbaycan xalqı ordusunun arxasında möhkəm dayanmışdı və bu birlik əsgərlərimizə əlavə güc verirdi.



    Qazanılan Qələbə bizə asan başa gəlmədi. Vətənin igid oğulları torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər. Onların hər biri öz qəhrəmanlığı ilə xalqımızın tarixində silinməz iz qoydu. Şəhidlərimizin yarımçıq qalan arzuları, ailələrinin yaşadığı ağrı və onların Vətən qarşısında göstərdikləri fədakarlıq heç vaxt unudula bilməz.



    Bu gün azad edilmiş torpaqlarda Azərbaycan Bayrağının dalğalanması şəhidlərimizin uğrunda mübarizə apardıqları ən böyük amalın həyata keçdiyini göstərir. Vaxtilə yurdlarından məcburi köçkün düşən insanların doğma torpaqlarına qayıtması isə Qələbənin xalqımız üçün nə qədər böyük məna daşıdığını bir daha göstərir.



    Şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Həmin gün saat 12:00-da bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.



    Anım Günü hər birimiz üçün düşünmək, keçmişimizi xatırlamaq və qəhrəmanlarımızın bizə əmanət etdiyi Vətənin qədrini bilmək günüdür. Şəhidlərimizin göstərdiyi igidlik haqqında gələcək nəsillərə danışmaq, onların adlarını daim uca tutmaq bizim mənəvi borcumuzdur.



    Bu gün Azərbaycan xalqı öz şəhidlərini böyük ehtiramla anır. Onların Vətən sevgisi, mərdliyi və qəhrəmanlığı hər zaman bizə örnək olacaq. İllər, onilliklər keçsə də, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.



    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi15 saat öncə
    İzlənib21 dəfə
    Vətən sevgisinin və qəhrəmanlığın unudulmaz tarixi
    Maraqlı gələ bilər
    911
    247
    160
    106
    192
    121