2025-ci il mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini bəyan edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Vyetnam uzun illərdir qarşılıqlı hörmət, dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərə malikdir və bu səfər həmin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev bildirib ki, aparılan danışıqlar nəticəsində siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret razılaşmalar əldə olunub. Xüsusilə ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin icrası və təhsil sahəsində mübadilə proqramlarının təşviqi prioritet istiqamətlər kimi qeyd olunub. Prezident vurğulayıb ki, Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir və bu əməkdaşlıq çoxşaxəli xarakter daşıyır.
Prezident Əliyevin sözlərinə görə, bu səfər yalnız iki ölkə arasında deyil, həm də Azərbaycanla Asiya regionu arasındakı körpülərin möhkəmləndirilməsinə xidmət edir. O, Azərbaycanın hər zaman Asiya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu, Vyetnamla münasibətlərin isə bu siyasətin mühüm tərkib hissəsi olduğunu xüsusi vurğulayıb.
Aqil Alışov
Xocalı rayon ziyalısı