Cəbrayıl... adını eşidəndə illərlə həsrət qaldığımız bir yurd gəlir göz önünə. O torpaqda doğulanlar, orda böyüyənlər, bir vaxtlar onun bağlarında, düzlərində oynayanlar üçün Cəbrayıl sadəcə bir rayon adı deyildi – o, bir ömrün yaddaşı idi. Amma bu yaddaş illərlə nisgillə dolu oldu.
1993-cü ilin avqustu... Düşmən Cəbrayılı işğal etdi. Həmin gün təkcə torpaq deyil, qəlblər də yaralandı. Minlərlə insan öz yurd-yuvasından didərgin düşdü. Evindən, kəndindən bir parçanı götürə bilmədən çıxan ailələr çöllərə səpələndi. Kim harada bacardısa, orada başını götürüb yaşamağa çalışdı. Amma qəlblərdə tək bir arzu vardı – “bir gün qayıdacağıq!”
27 il... Uzun bir həsrət, bitib-tükənməyən gözlənti... Bəlkə də kimlərsə inamını itirdi, amma torpağını sevən bu xalq bir an belə ümidini itirmədi. Çünki bilirdik, haqq gec-tez öz yerini tapacaq. O gün gəldi – 2020-ci ilin payızı. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri öz gücünü, xalq öz birliyini göstərdi.
4 oktyabr – həmin möhtəşəm tarix! Cəbrayılın azad olunduğu gün! İllərlə adını həsrətlə çəkdiyimiz torpaq o gün geri döndü. Təkcə Cəbrayıl azad olunmadı, həm də xalqın qüruru, ruhu ayağa qalxdı. O gün bu torpaq susmadı, o gün şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan əsgəri sübut etdi ki, bu yurdun hər qarışı əzizdir, müqəddəsdir, toxunulmazdır.
İndi Cəbrayıl yenidən qurulur. Yollar çəkilir, evlər tikilir, məktəblər bərpa olunur. O torpaqda yenə həyat başlayır. Və ən önəmlisi – Cəbrayıl yenə sahibsiz deyil. Sahibinə qovuşub!
Cəbrayılın azadlığı təkcə bir şəhərin qurtuluşu deyil, həm də Azərbaycanın gücünün, xalqın birliyinin, şəhidlərin qəhrəmanlığının simvoludur.
Və biz bu torpağı artıq heç vaxt itirməyəcəyik!
Xocalı rayon ziyalısı Elşən Nəsibov