Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qəhrəmanlarımızı ehtiramla andığımız gün

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Hər bir xalqın tarixində unudulmayan, illər keçdikcə mənası daha dərindən dərk edilən günlər var. Azərbaycan xalqı üçün 27 Sentyabr belə günlərdən biridir. Bu tarix bizə Vətən uğrunda canından keçən qəhrəmanlarımızı, xalqımızın birliyini və torpaqlarımızın azadlığı naminə aparılan mübarizəni xatırladır.



    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusu əks-hücuma keçdi. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi başladı. Azərbaycan əsgəri doğma torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq və şücaət göstərdi. Döyüşlər nəticəsində şəhər, kənd və qəsəbələrimiz işğaldan azad olundu, noyabrın 8-də isə Şuşanın azad edilməsi Qələbəyə aparan yolun ən mühüm hadisələrindən birinə çevrildi.



    Vətən müharibəsi günlərində bütün Azərbaycan bir amal ətrafında birləşdi. Cəbhədə əsgərlərimiz döyüşür, arxa cəbhədə isə xalqımız ordumuza mənəvi dəstək göstərirdi. Həmin günlərdə hər kəsin ürəyində eyni arzu vardı: torpaqlarımız azad olunsun, üçrəngli bayrağımız yenidən doğma Qarabağımızda dalğalansın. Xalqla ordunun bu birliyi Qələbəmizin əsas mənəvi dayaqlarından biri oldu.



    Ancaq hər Qələbənin bir bədəli var. Azərbaycanın ərazi bütövlüyü uğrunda minlərlə igid oğlumuz canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onlar öz həyatlarını Vətənə fəda etdilər ki, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtsın. Bu gün azad edilmiş torpaqlarda aparılan quruculuq işlərini, doğma yurdlarına qayıdan insanları gördükcə şəhidlərimizin bizə necə böyük bir əmanət qoyduğunu daha yaxşı anlayırıq.



    Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Həmin gün bütün ölkədə şəhidlərimizin xatirəsi böyük ehtiramla yad olunur, saat 12:00-da onların əziz xatirəsi bir dəqiqəlik sükutla anılır.



    Şəhidlərimizin xatirəsini yaşatmaq yalnız bir günlə məhdudlaşmır. Onların keçdiyi döyüş yolu, göstərdikləri igidlik və Vətən sevgisi gələcək nəsillərə çatdırılmalıdır. Gənclərimiz bilməlidirlər ki, bu gün azad Qarabağda dalğalanan Azərbaycan Bayrağının arxasında böyük qəhrəmanlıq, fədakarlıq və şəhid qanı dayanır.



    27 Sentyabr həm hüzn, həm qürur, həm də milli birlik günüdür. Bu gündə hər bir azərbaycanlı Vətən uğrunda canından keçən qəhrəmanlarımızı minnətdarlıqla xatırlayır. Şəhidlərimizin bizə əmanət etdiyi Vətəni qorumaq, onun inkişafı üçün çalışmaq isə hər birimizin borcudur.



    Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 saat öncə
    Qəhrəmanlarımızı ehtiramla andığımız gün
    Maraqlı gələ bilər
    227
    150