Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı Azərbaycan idmanının bu gün artıq təkcə yarış nəticələri ilə deyil, dövlətçilik fəlsəfəsi, milli həmrəylik və beynəlxalq nüfuz baxımından mühüm bir sahəyə çevrildiyini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışı bir daha təsdiq etdi ki, ölkədə idmanın inkişafı sistemli, ardıcıl və uzunmüddətli strategiyaya əsaslanır və əldə olunan nəticələr bu siyasətin real bəhrəsidir.
2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenalarda rekord göstəricilərə imza ataraq 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanıblar. Bu nəticələr ölkəmizin idman potensialının ildən-ilə artdığını, idmana yönələn dövlət dəstəyinin öz bəhrəsini verdiyini göstərir. Keçən illərlə müqayisədə medalların sayının artması təsadüfi deyil, bu, idman infrastrukturunun genişləndirilməsi, məşq sistemlərinin təkmilləşdirilməsi və idmançıların sosial təminatının gücləndirilməsi ilə birbaşa bağlıdır.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin ayrılmaz hissəsidir. Son illər ərzində ölkədə idman infrastrukturu faktiki olaraq yenidən qurulmuş, müasir standartlara cavab verən idman obyektləri istifadəyə verilmişdir. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin açılması ilə bölgələrdə bu tip komplekslərin sayı 46-ya çatmışdır. Bu, regionlarda yaşayan gənclərin idmana cəlb olunmasına, sağlam həyat tərzinin genişlənməsinə və yeni istedadların üzə çıxarılmasına mühüm töhfə verir.
Çıxışda sağlam gənc nəslin formalaşdırılması məsələsi xüsusi yer tutdu. Dövlət başçısı qeyd etdi ki, fiziki cəhətdən sağlam, mənəvi baxımdan güclü gənclik olmadan nə böyük idman uğurları, nə də ölkənin dayanıqlı inkişafı mümkündür. Uşaqlıqdan idmana marağın yaradılması, məktəblərdə və bölgələrdə idmanın təşviqi gələcəkdə beynəlxalq arenada Azərbaycanın uğurlarının davamlı olmasını təmin edən əsas amillərdəndir.
Prezident İlham Əliyev eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin idman vasitəsilə daha effektiv həyata keçirildiyini vurğuladı. İdman gənclərdə intizam, mübarizə əzmi və məsuliyyət hissi formalaşdırır, onları Vətənə bağlı, milli dəyərlərə sadiq vətəndaş kimi yetişdirir. Son illərdə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik bu siyasətin düzgünlüyünü bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı ilə mənəvi saflığının vəhdəti ölkənin güclənməsinin əsas şərti kimi dəyərləndirildi.
Dövlət başçısı idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan Dövlət Bayrağını dalğalandırmasının hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu qeyd etdi. Xüsusilə son beş il ərzində əldə edilən tarixi Qələbədən sonra idmançılarımız beynəlxalq arenaya müzəffər xalqın nümayəndələri kimi çıxırlar. Bu amil onların üzərinə daha böyük məsuliyyət qoyur və çıxışlarında yüksək ruh, inam və qürur hissi ilə müşayiət olunur.
2025-ci ilin ən mühüm idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda keçirilməsi oldu. Bu yarışların bir neçə şəhəri, o cümlədən Gəncə və Xankəndini əhatə etməsi ölkəmizin təşkilati imkanlarını və bölgələrin inkişaf səviyyəsini nümayiş etdirdi. Minlərlə xarici qonağın iştirak etdiyi bu Oyunlar Azərbaycanın qonaqpərvərliyini, təhlükəsizliyini və müasir infrastrukturunu nümayiş etdirərək ölkənin beynəlxalq imicini daha da gücləndirdi. İdmançılarımızın bu Oyunlarda komanda hesabında ikinci yeri tutması ölkə idmanının gücünü bir daha sübut etdi.
Prezident İlham Əliyev bu il ölkəmizdə ilk dəfə keçirilən UFC beynəlxalq turnirinin də xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Dünya miqyasında böyük maraq doğuran bu yarışın Bakıda təşkili Azərbaycanın artıq qlobal idman mərkəzləri sırasında yer aldığını göstərir. Turnirin dünya mediasında geniş işıqlandırılması ölkəmizin tanıdılmasına, turizm potensialının artırılmasına və müasir Bakı obrazının formalaşmasına mühüm töhfə verdi.
Formula 1 yarışları da Azərbaycanın beynəlxalq tanıtımında mühüm rol oynamaqda davam edir. Prezidentin qeyd etdiyi kimi, bu yarışlardan sonra ölkəmizə gələn xarici turistlərin sayında əhəmiyyətli artım müşahidə olunmuşdur. 2025-ci ildə keçirilən Formula 1 yarışının bütün biletlərinin əvvəlcədən satılması, on minlərlə tamaşaçının canlı iştirakı və yarışın yarım milyardlıq qlobal auditoriyaya malik olması Azərbaycanın dünya miqyasında tanınmasına xidmət etmişdir. Bu yarışlar ölkənin imicini gücləndirməklə yanaşı, iqtisadi və turizm sektoruna da ciddi töhfə verir.
Çıxışda gələcək perspektivlərdən bəhs edilərkən Xizək üzrə Dünya Kubokunun Şahdağda keçirilməsi xüsusi vurğulandı. Bu yarışın Azərbaycan üçün ilk olması ölkəmizin qış idmanları sahəsində də iddialı olduğunu göstərir. Şahdağ Xizək Kurortunun sürətli inkişafı, yeni trasların istifadəyə verilməsi, hotellərin və xidmət sahələrinin genişlənməsi minlərlə iş yerinin yaradılmasına və regionun sosial-iqtisadi inkişafına səbəb olmuşdur. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni idman və nəqliyyat infrastrukturu ölkənin idman xəritəsini daha da genişləndirir.
Prezident İlham Əliyev Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsini Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirdi. Bu nüfuzlu ad ölkəmiz üçün böyük şərəf olmaqla yanaşı, görülən işlərə verilən yüksək dəyərin göstəricisidir. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın idman şöhrətini ucaldan idmançılar və mütəxəssislər daim dövlət qayğısı ilə əhatə olunmalı, onların əməyinə ədalətli qiymət verilməlidir.
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı bir daha göstərdi ki, Azərbaycan idmanı güclü dövlət siyasəti, sağlam gənclik, vətənpərvərlik ruhu və müasir infrastruktur üzərində qurularaq gələcəyə inamla irəliləyir. Bu yol Azərbaycanın həm idman arenasında, həm də beynəlxalq nüfuz baxımından mövqelərini daha da möhkəmləndirəcək.
Xocalı rayon ziyalısı Bəxtiyar Allahverdiyev