İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi – Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi.
2026-cı il fevralın 4-də Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi yalnız bir mükafatlandırma tədbiri deyil, həm də beynəlxalq münasibətlərdə sülh, tolerantlıq və əməkdaşlıq dəyərlərinin təntənəsi kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi ölkəmizin qlobal miqyasda artan rolunun, həyata keçirdiyi sülh təşəbbüslərinin və humanist siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi.
Prezident İlham Əliyev çıxışında Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan mükafatı almağı böyük şərəf adlandıraraq, münsiflər heyətinə minnətdarlığını bildirdi. Şeyx Zayedin uzaqgörən liderliyi nəticəsində BƏƏ-nin dünyanın ən firavan və uğurlu ölkələrindən birinə çevrildiyini vurğulayan dövlət başçısı onun siyasi irsinin bu gün də yaşadığını qeyd etdi. Həqiqətən də, Şeyx Zayed yalnız bir dövlət qurucusu deyil, həm də sülh, sabitlik və sosial rifah ideyalarının simvolu kimi tarixə düşmüşdür.
Prezident Əliyev hazırda BƏƏ-nin Prezidentı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın atasının inkişaf və modernləşmə siyasətini uğurla davam etdirdiyini xüsusi qeyd etdi. Tarixi köklərə sadiq qalaraq müasir və açıq cəmiyyət qurmağı bacaran BƏƏ modeli bir çox ölkələr üçün nümunə hesab olunur. Bu yanaşma göstərir ki, ənənə və innovasiyanı bir araya gətirməklə sabit və güclü dövlət qurmaq mümkündür.
Çıxışda dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyəti də ön plana çəkildi. Prezident İlham Əliyev Əl-Əzhərin böyük imamı doktor Əhməd Əl-Tayyibə və Roma Papasına təşəkkür edərək, onların sivilizasiyalar arasında anlaşmanın gücləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirdi. Bu mesaj, əslində, müasir dünyada qarşıdurmaların artdığı bir dövrdə dialoq və qarşılıqlı hörmətin alternativsiz olduğunu bir daha xatırladır.
Bu mükafatın Prezident İlham Əliyevə təqdim olunması Azərbaycanın yalnız regional deyil, qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Ölkəmizin multikulturalizm ənənələri, tolerant cəmiyyət modeli və beynəlxalq əməkdaşlığa verdiyi önəm bu uğurun əsas amillərindəndir.
Beləliklə, “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, sülhə və humanist dəyərlərə sadiqliyinin rəmzi kimi tarixə düşür. Bu hadisə bir daha sübut edir ki, ardıcıl və düşünülmüş siyasət nəticəsində Azərbaycan dünya miqyasında söz sahibinə çevrilməkdə davam edir.
Xocalı rayon ziyalısı Anar Əliyev .