Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsi

0

  •  



    Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Dövlət başçısının çıxışında kənd təsərrüfatının keçdiyi inkişaf yolu, əldə olunmuş nailiyyətlər, mövcud problemlər və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəflər geniş şəkildə əks olunmuşdur. Xüsusilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə yeni mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır.



    Prezident İlham Əliyev qeyd etmişdir ki, hələ 2004-cü ildən etibarən qəbul edilən Regional İnkişaf Proqramları bölgələrin dirçəldilməsi, kənd təsərrüfatının inkişafı və insanların yaşayış səviyyəsinin yüksəldilməsi baxımından həlledici rol oynayıb. Ölkənin bütün regionlarında həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri – qazlaşdırma, elektrik enerjisi təminatı, yolların yenidən qurulması, su anbarlarının tikintisi və suvarma sistemlərinin yaradılması kənd təsərrüfatının inkişafına güclü təkan verib. Bu gün Azərbaycanda qazlaşdırmanın 96 faizə çatması, elektrik təminatının tam həll olunması, yeni magistral və kənd yollarının istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafında mühüm dönüş yaradıb.



    Dövlət başçısı vurğulayıb ki, aqrar sahədə subsidiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, fermerlərə yanacaq, gübrə və digər istiqamətlər üzrə genişmiqyaslı subsidiya mexanizmləri təqdim edir. Güzəştli kreditlər, metodiki tövsiyələr və texniki dəstək kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edən əsas vasitələrdəndir. Bununla yanaşı, subsidiya mexanizmlərinin daha çevik və müasir tələblərə uyğun şəkildə yenilənməsinin vacibliyi də diqqətə çatdırılmışdır.



    Müşavirədə pambıqçılıq, baramaçılıq, üzümçülük, fındıqçılıq və digər ənənəvi sahələrin inkişafı xüsusi qeyd olunmuşdur. Vaxtilə tənəzzülə uğrayan pambıqçılıq sahəsində aparılan islahatlar nəticəsində məhsuldarlıq və istehsal həcmi dəfələrlə artmış, bu sahə kənd yerlərində məşğulluğun yüksəlməsinə ciddi töhfə vermişdir. Baramaçılığın və ipəkçiliyin yenidən dirçəldilməsi də dövlət dəstəyinin uğurlu nəticələrindən biridir.



    Prezident İlham Əliyev çıxışında ərzaq təhlükəsizliyi məsələsini xüsusi ön plana çəkmişdir. Dünyada baş verən müharibələr, nəqliyyat zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri hər bir ölkəni öz daxili istehsal imkanlarını gücləndirməyə vadar edir. Dövlət başçısı xüsusilə buğda istehsalında mövcud vəziyyətə diqqət çəkərək, Azərbaycanın hazırda özünü yalnız 55 faiz səviyyəsində buğda ilə təmin etdiyini bildirmiş və bu göstəricinin qəbuledilməz olduğunu vurğulamışdır. Qarşıya qoyulan əsas məqsədlərdən biri idxaldan asılılığın azaldılması və daxili istehsalın artırılmasıdır.



    Kənd təsərrüfatında torpaqlardan səmərəli istifadə məsələsi də müşavirənin əsas mövzularından olmuşdur. Prezident qeyd etmişdir ki, hər bir torpaq sahəsinin “pasportu” hazırlanmalı, torpağın keyfiyyəti və hansı məhsul üçün daha əlverişli olması müasir texnologiyalar vasitəsilə müəyyən edilməlidir. Süni intellekt, peyk sistemləri və elektron analiz imkanlarından istifadə edilməklə kənd təsərrüfatında məhsuldarlığın artırılması hədəflənir.



    Çıxışda kənddən şəhərə axının qarşısının alınması və əksinə, şəhərlərdən kəndlərə qayıdışın təşviqi məsələsi də mühüm məqam kimi qeyd olunmuşdur. Bunun üçün kəndlərdə sosial infrastrukturun inkişafı, müasir məktəblərin, xəstəxanaların, xidmət sektorunun yaradılması və yeni iş yerlərinin açılması əsas prioritetlərdən hesab olunur. Regional inkişaf proqramlarının əsas məqsədi də məhz insanların öz doğma torpaqlarında rahat və firavan yaşamalarını təmin etməkdir.



    Su təminatı məsələsi kənd təsərrüfatının inkişafında əsas amillərdən biri kimi xüsusi vurğulanmışdır. Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər su anbarlarının tikintisi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni su layihələri böyük ərazilərin su ilə təmin olunmasına imkan yaradacaq. Şirvan və Qarabağ kanallarının yenidən qurulması, müasir suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq.



    Prezident İlham Əliyev intensiv bağçılıq, istixana kompleksləri, aqroparkların yaradılması və emal sənayesinin inkişafının vacibliyini də xüsusi qeyd etmişdir. Məqsəd yalnız xammal ixracı deyil, hazır məhsul istehsalını artırmaq, kənd təsərrüfatı məhsullarının emalını genişləndirmək və ixrac imkanlarını daha da gücləndirməkdir. Bu baxımdan yerli və xarici investorların aqrar sahəyə cəlb olunması prioritet istiqamət kimi müəyyən edilmişdir.



    Dövlət başçısı vurğulamışdır ki, 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramının icrası üçün dövlət tərəfindən 2 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulur. Özəl sektorun da bu prosesdə fəal iştirakı vacib hesab olunur və ümumilikdə 5 milyard manatdan artıq investisiyanın cəlb edilməsi planlaşdırılır. Bu isə kənd təsərrüfatının inkişafında yeni keyfiyyət mərhələsinin başlanğıcı deməkdir.



    Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın aqrar siyasəti yalnız kənd təsərrüfatının inkişafına deyil, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına, regionların sosial rifahının yüksəldilməsinə və ölkənin iqtisadi dayanıqlığının gücləndirilməsinə xidmət edir. Yeni Dövlət Proqramı kənd təsərrüfatında modernləşmə, innovasiya və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq Azərbaycanın bu sahədə daha böyük uğurlar qazanmasına mühüm töhfə verəcəkdir.



    Xocalı rayon ziyalısı Mətanət Zamanova


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsi
    Maraqlı gələ bilər
    238
    157
    91