Azərbaycanın enerji təhlükəsizliyində Avropanın strateji tərəfdaşı kimi rolu.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin enerji sahəsi olduğunu xüsusi qeyd etmişdir. Dövlət başçısı bildirmişdir ki, enerji əməkdaşlığı uzun illərdir tərəfdaşlığın əsas sütunlarından biridir və bu istiqamətdə əməkdaşlıq bundan sonra da davam edəcək.
2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanması bu əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur. Həmin sənəddən sonra Azərbaycan qazının Avropaya ixracı həm həcm, həm də ölkələrin sayı baxımından əhəmiyyətli dərəcədə artmışdır. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını qəbul edir, ümumilikdə isə Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatmışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu göstəriciyə görə Azərbaycan boru kəmərləri vasitəsilə qaz təchizatı həyata keçirən aparıcı ölkələrdən biridir. Azərbaycanın enerji resursları bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Dövlət başçısı həmçinin bildirmişdir ki, yaxın illərdə ölkədə qaz hasilatının artırılması planlaşdırılır və yeni yataqların istismara verilməsi nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlə müqayisədə ən azı 10 milyard kubmetr əlavə qaz hasil ediləcək.
Bununla yanaşı, Azərbaycan yalnız ənənəvi enerji resursları ilə deyil, həm də bərpaolunan enerji sahəsində böyük potensiala malikdir. Ölkədə külək, Günəş və su elektrik enerjisinin inkişafına böyük sərmayələr yatırılır. Prezidentin sözlərinə görə, yaxın beş-altı il ərzində Azərbaycanın ixrac üçün hazır olan 6–8 giqavat gücündə bərpaolunan enerji potensialı formalaşdırmaq planı vardır. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artıracaq.
Xocalı rayon gənci Şəhriyar Quliyev.