Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın sənaye potensialının inkişafında yeni mərhələ

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Azərbaycanın sənaye potensialının inkişafında yeni mərhələ



    Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun genişləndirilməsi, mövcud təbii sərvətlərdən səmərəli istifadə edilməsi və regionlarda yeni istehsal sahələrinin yaradılması mühüm yer tutur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı da qarşıdakı illər üçün bu sahədə müəyyən edilmiş əsas istiqamətləri əhatə edir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə ölkədə yeni və müasir sənaye istiqamətinin formalaşdırılması, beş mindən çox daimi iş yerinin yaradılması və istehsal zəncirinin genişləndirilməsi nəzərdə tutulur.



    Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı və digər sahələri əhatə edən dövlət proqramlarının qəbul edilməsi ölkənin uzunmüddətli inkişaf hədəflərinə xidmət edir. Prezident İlham Əliyevin çıxışında bildirildiyi kimi, qəbul edilmiş proqramların maliyyə təminatı ilə yanaşı, onların icra və nəzarət mexanizmləri də müəyyənləşdirilib. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının isə 2027–2030-cu illərdə tam icrası nəzərdə tutulur.



    Azərbaycanın ötən illər ərzində yaratdığı müasir infrastruktur yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar formalaşdırıb. Elektrik enerjisi, təbii qaz, avtomobil və dəmir yolları, eləcə də digər mühüm infrastrukturların inkişaf etdirilməsi regionlarda iqtisadi fəallığın artırılmasına əlverişli şərait yaradır. Dövlət başçısının çıxışında ölkədə qazlaşma səviyyəsinin 96 faizə çatdığı, 25 milyard kubmetrdən çox qazın ixrac edildiyi bildirilib. Bununla yanaşı, elektrik enerjisi sahəsində də əhəmiyyətli generasiya potensialı yaradılıb.



    Bu imkanlar fonunda qeyri-neft sənayesinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev cari ilin səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artımın qeydə alındığını bildirib. Dövlət Proqramının həyata keçirilməsi mövcud artımın davamlılığının təmin olunmasına və iqtisadiyyatın yeni istehsal sahələri hesabına genişləndirilməsinə xidmət edəcək.



    Dövlət Proqramının mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə mövcud olan zəngin təbii ehtiyatların öyrənilməsi və istismara cəlb edilməsidir. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan böyük potensiala malikdir.



    Mövcud yataqların müasir geoloji üsullarla yenidən öyrənilməsi və ehtiyatların dəqiqləşdirilməsi qarşıya qoyulan əsas vəzifələr sırasındadır. Ağdərə rayonunda artıq müvafiq işlərə başlanıldığı, Kəlbəcər və Zəngilanda da işlərə start verilməsinin nəzərdə tutulduğu çıxışda qeyd edilib.



    Bu proses işğaldan azad olunmuş ərazilərin bərpası və iqtisadi reinteqrasiyası baxımından da əhəmiyyətlidir. Yeni istehsal müəssisələrinin yaradılması həmin ərazilərdə məşğulluğun artırılması və iqtisadi fəallığın genişləndirilməsi üçün əlavə imkanlar formalaşdıracaq.



    Eyni zamanda, geoloji kəşfiyyat işlərinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Prezident İlham Əliyevin çıxışında Naxçıvan Muxtar Respublikasının da perspektivli bölgələrdən biri olduğu və burada geoloji kəşfiyyat işlərinin növbəti ildən başlanmasının nəzərdə tutulduğu bildirilib.



    Yeni iqtisadi yanaşmanın əsas xüsusiyyətlərindən biri təbii sərvətlərin yalnız xammal və ya filiz şəklində ixrac edilməməsidir. Məqsəd hasilatdan başlayaraq zənginləşdirmə və emala, daha sonra isə son məhsul istehsalına qədər tam sənaye zəncirinin ölkə daxilində yaradılmasıdır.



    Bu istiqamətdə həm dövlət, həm də özəl sektorun imkanlarından istifadə olunması nəzərdə tutulur. Dövlət xətti üzrə “AzerGold”un fəaliyyət göstərməsi ilə yanaşı, özəl sektor və xarici investorların da layihələrdə iştirakı üçün imkanların olduğu qeyd edilir. Yeni yataqların aşkarlanması halında zənginləşdirmə və emal müəssisələrinin yaradılması istehsal olunan məhsulun əlavə dəyərinin ölkə daxilində formalaşmasına şərait yaradacaq.



    Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağı da gələcək inkişaf baxımından diqqət çəkən layihələrdəndir. Yatağın istismara hazırlanması istiqamətində işlər aparılır və texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulur.



    Qərb Sənaye Parkının yaradılması da dağ-mədən sənayesinin inkişafı ilə birbaşa əlaqələndirilir. “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə digər layihələrin həyata keçirilməsi burada müvafiq sənaye infrastrukturunun formalaşdırılmasını zəruri edir. Dövlət başçısının çıxışında filiz hasilatı ilə yanaşı, bir neçə zavodun yaradılmasının nəzərdə tutulduğu bildirilir.



    Dağ-mədən sənayesinin genişləndirilməsi zamanı ətraf mühitin qorunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında bu məsələyə ayrıca toxunularaq maksimum ekoloji ekspertizanın aparılmasının və bütün ekoloji normalara əməl edilməsinin vacibliyi qeyd olunub.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi13 saat öncə
    İzlənib20 dəfə
    Azərbaycanın sənaye potensialının inkişafında yeni mərhələ
    Maraqlı gələ bilər
    187
    178
    136