Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Böyük Qayıdışın ünvanı – yenidən həyat qazanan Zəngilan

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  •  



    Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ölkəmizin müasir inkişaf tarixinin ən mühüm mərhələlərindən birini təşkil edir. Bu prosesdə Zəngilan rayonu xüsusi yer tutur. 2020-ci il oktyabrın 20-də işğaldan azad edilən Zəngilan bu gün müasir şəhərsalma prinsipləri, innovativ texnologiyalar və dayanıqlı inkişaf yanaşmaları əsasında yenidən qurulur.



    Zəngilanın azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri uzun illər doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz və layiqli şəkildə geri qayıtmasını təmin etmək olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı bu məqsədin reallaşdırılmasına xidmət edir. Proqram çərçivəsində yaşayış məntəqələrinin yenidən salınması, sosial infrastrukturun yaradılması, məşğulluğun təmin edilməsi və müasir kommunal xidmətlərin təşkili istiqamətində ardıcıl tədbirlər görülür.



    Zəngilan rayonunda Böyük Qayıdışın ilk uğurlu nümunələrindən biri Ağalı kəndidir. Azərbaycanın ilk “ağıllı kənd” layihələrindən biri kimi tanınan Ağalı müasir texnologiyaların kənd həyatına tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Burada yaşayış evləri, məktəb, uşaq bağçası, tibb məntəqəsi, xidmət obyektləri və digər zəruri infrastruktur yaradılmışdır. Kəndin sakinləri uzun illərdən sonra öz doğma yurdlarında yeni həyata başlamışlar.



    Ağalı kəndinin əsas üstünlüklərindən biri ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən texnologiyaların tətbiqidir. Burada günəş enerjisindən istifadə, müasir istilik sistemləri, su ehtiyatlarının səmərəli idarə olunması və yüksək sürətli internet şəbəkəsi kimi innovativ həllər tətbiq edilmişdir. Kənddə elektron təhsil, teletibb və digər rəqəmsal xidmətlər üçün müvafiq imkanların yaradılması əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir.



    Böyük Qayıdış yalnız Ağalı kəndi ilə məhdudlaşmır. Zəngilan şəhərində və Məmmədbəyli kəndində də məskunlaşma prosesi davam etdirilir. Təqdim edilən məlumatlara əsasən, 2026-cı il oktyabrın 1-dək Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşmışdır. Bu göstəricilər dövlətimizin doğma torpaqlara qayıdış siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.



    Doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunun təmin olunması da xüsusi diqqət mərkəzindədir. Yeni yaradılan iş yerləri, xidmət müəssisələri, tikinti təşkilatları, kənd təsərrüfatı və istehsal sahələri əhalinin iqtisadi fəallığının artırılmasına şərait yaradır. Məqsəd insanların yalnız yaşayış yeri ilə təmin olunması deyil, həm də onların dayanıqlı gəlir mənbələrinə malik olmalarıdır.



    Zəngilan şəhərinin gələcək inkişafı da planlı şəkildə həyata keçirilir. Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan şəhərin müasir, rahat, ekoloji baxımdan dayanıqlı yaşayış məkanına çevrilməsini nəzərdə tutur. Bu plan çərçivəsində yaşayış məhəllələrinin, ictimai məkanların, nəqliyyat infrastrukturunun və sosial obyektlərin inkişafı mühüm yer tutur.



    2026-cı ildə Zəngilan şəhərində 104 mənzildən ibarət ilk yaşayış kompleksinin istifadəyə verilməsi də mühüm hadisələrdən biridir. Müasir memarlıq üslubunda inşa edilmiş kompleks sakinlərin rahat yaşayışı üçün nəzərdə tutulmuşdur. Bu cür layihələr Zəngilanın tədricən tamhüquqlu şəhər həyatına qayıtmasını təmin edir.



    Zəngilanın yenidən qurulması Azərbaycanın iqtisadi gücünü və dövlətimizin sosial siyasətinin mahiyyətini nümayiş etdirir. Burada həyata keçirilən hər bir layihə təkcə infrastrukturun bərpasına deyil, həm də insanların öz doğma torpaqları ilə mənəvi bağlarının yenidən möhkəmlənməsinə xidmət edir.



    20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə bu gün böyük qürurla deyə bilərik ki, Zəngilan artıq yalnız azad edilmiş torpaq deyil, həm də yenidən dirçələn, inkişaf edən və gələcəyə inamla addımlayan Azərbaycan şəhəridir. Böyük Qayıdışın hər yeni mərhələsi xalqımızın uzun illər bəslədiyi arzuların reallığa çevrildiyini göstərir.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməMəqalələr
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 saat öncə
    İzlənib25 dəfə
    Böyük Qayıdışın ünvanı – yenidən həyat qazanan Zəngilan
    Maraqlı gələ bilər
    172
    202
    213